Kabil hava limanının kim tərəfindən işlədilməsi məsələsi hələ "Taliban" paytaxta nəzarəti ələ keçirmədən öncə müzakirə olunmaqdaydı. Hətta ilk gündən Türkiyə bu işi öz üzərinə ala biləcəyini dəfələrlə və ən yüksək səviyyələrdə dilə gətirmişdi. Amma məlum olduğu kimi, "Taliban" türk ordusunun da Kabildən çıxmalı olduğunu dedi və nəhayətdə, Türkiyə silahlı qüvvələrinin bölmələri vətənə aparıldı.
Bu gün isə Pakistanın Türkiyədəki səfiri Sirus Səccad Qazi bu məsələyə toxunaraq deyib ki, əgər hansısa bir ölkə Kabil Hava limanını işlədəcəksə, o mütləq Türkiyə olacaq.
Ankarada Diplomatiya Müxbirləri Dərnəyinin üzvləriylə görüşən səfir bildirib ki, Pakistanın "Taliban" üzərində müəyyən təsir imkanları olsa da, xarici media bunu olduğundan qat-qat artıq şişirdir.
"Türkiyə Əfqanıstanla bağlı məsələlərdə uzun illərdir Pakistanın yanında yer alır. Hətta Ankara Pakistanla əvvəlki Əfqanıstan hökuməti arasında danışıqları asanlaşdırmaq üçün vaciv rol oynayıb. Əlbəttə, biz də bütün bu proseslərdə açıq ürəklə, səmimiyyətlə iştirak elədik və faydasını da gördük", - deyən səfir Sirus Səccad qazi əlavə edib ki, "Taliban"ın yüksək səviyyəli heyəti avqustun 15-də İslamabad hökuməti ilə görüş keçirib. Görüşdə Pakistanın mövqeyi bu oldu ki, "Taliban" və qarşı tərəflər yalnız sülh danışıqları əsasında dil tapmalıdır, silahdan istifadə eləmək olmaz. Pakistan hökuməti bildirdi ki, proses siyasi və etnik müstəvidə geniş əhatəli getməli, ictimai tərəflərdən heç biri kənarda saxlanmamalıdır. Üstəlik, qadınlara qarşı da sərt mövqe göstərmək olmaz.
"Pakistan Əfqanıstandakı sülh prosesindən ən çox faydalanacaq ölkə olacaq. Pakistanın iqtisadi etibarlılığının artması və bölgəmizdə inteqrasiyanın güclənməsi üçün mütləq Əfqanıstanda hərbi-siyasi sabitlik bərqərar olunmalıdır. Elə bu səbəbdən də ölkəmiz mütəmadi olaraq Əfqanıstanda sabitliyin yaranma yollarını axtarıb", - deyən diplomata görə, Pakistan siyasi çözüm məsələsində beynəlxalq arenada fikir birliyi yaratmaq üçün də çox əmək sərf edib.
Səfir deyib ki, "Taliban"dan qaçan 10 mindən çox əcnəbi mülki vətəndaş, səfirlik və BMT əməkdaşları, onlarla çalışan əfqanlar və çox sayda jurnalist məhz Pakistanın dəstəyi ilə təhliyyə edilib. Üstəlik, bundan sonra da minlərlə əfqanıstanlının məhz Pakistan üzərindən xaricə yollanması gözlənilir.
"Türkiyə və Pakistan Əfqanıstanla bağlı məsələlərdə sıx təmasdadır. Türkiyənin Əfqanıstanda sülh və sabitliyin yaranmasına müsbət təsiri olarsa, bu öz növbəsində beynəlxalq ictimaiyyətin üzərindən böyük bir yükün qaldırılması demək olacaq. Həm də Pakistanın işləri asanlaşar. Bunlardan biri də Kabil hava limanının Türkiyə tərəfindən işlədilməsidir. Əfqanıstan hökuməti buna dəstək verərsə, biz də öz töhfəmizi verməyə hazırıq. İnanıram ki, bu məsələ Ankaranın xeyrinə həll olunacaq", - deyib pakistanlı diplomat.
Pakistanın 1979-cu ildən bəri 4 milyonadək əfqan qaçqını öz torpaqlarında yerləşdirdiyini söyləyən cənab Qazi əlavə edib ki, onlar həmin əfqanların vətənlərinə alnıaçıq dönmələrini arzulayırlar. "Pakistanda onlara çox yaxşı baxılıb, pakistanlılardan ayrılmadılar. Bu gün həmin qaçqınlar arasında üçüncü nəsil əfqanlar doğulub ki, bir dəfə də olsun ölkələrini görməyiblər" deyən səfir bildirib ki, dünya qaçqınların iqtisadiyyata təsirini görmək istəmir. "Əlimizdə nə varsa paylaşırıq, amma problemin əhatəli şəkildə çözülməsi lazımdır. Yəni burada beynəlxalq ictimaiyyətin işə qarışması zəruridir", - deyib səfir Qazi.