Bakıda növbəti dəfə feministlər askiya təşkil etdilər. Aksiyanın qarşısı polis tərəfindən alındı. Aksiya təşkil edən feministlər bir neçə şüarla özlərini təsdiq etmək, qadın hüquqlarının bərpası kimi özlərini cəmiyyətə göstərməyə çalışdılar. Lakin mütəxəsislər bu aksiyanı uğursuz hesab edirlər.
Maraqlıdır, bu gün ölkədə qadın hüquqları müdafiəsiz şəkildədirmi və səsləndirilən şüarlar azyaşlı qızlara hansı mesajları ötürür?

Mövzu ilə bağlı hafta.az-a danışan psixoloq Günel Vüqar dedi ki, feminizm qadını kişi kimi olmağa məcbur edərkən, qadının cinsi şəxsiyyətinə zərər verir. Psixoloqun fikrincə, psixoloji cəhətdən iki cins bir-birindən üstün deyil, lakin fərqlidir:
“Bu fərq hüquqi dəyər baxımından da vacibdir. Qadın emosional xüsusiyyətlər, estetika və qorunma instinkti baxımından inkişaf etmiş olsa da, kişi xarici mühit ilə mübarizə baxımından irəlidədir və beləliklə buna görə tərəflər bir-birini tamamlayır. Feminist qrupların təşkil etdiyi aksiyalar əlbəttə ki, gənc nəslə öz təsirini göstərir, şüuraltı öz ideyalarını ötürür. Və əksər hallarda bu gunkü gündə biz bunun təsirini gənc qızlar evlilik qərarı alarkən etdikləri tərəddülərdə görürük. Evliliyin reallaşması suyun meydana gəlməsinə bənzəyir. Necə ki, suyun meydana gəlməsi üçün hidrogenlə oksigenin bir-birini tamamlaması, molekul olması lazım olduğu kimi, evlilikdə də qadın və kişilərin bəzi azadlıqlarını qurban verərək yeni bir azadlıq modeli ilə hərəkət etmələri lazımdır. Bir insan "həm azad olub istədiyim kimi yaşayacağam, həm də evlənəcəyəm" deyə bilməz, bu şəkildə evlilik mümkün deyildir. Əgər bu düşüncə ilə hərəkət edilərsə, cütlüklər "azadlıq" adı ilə öz evliliklərini qurban etmiş olurlar. Əks təqdirdə, cinslərdən birinin təcrid olunduğu bir dünyada xoşbəxt olmaq mümkün deyil. Başqa sözlə, tək yaşayan bir qadının və ya kişinin dünyası xoşbəxt bir dünya deyil”.

Sosioloq Əhməd Qəşəmoğlu isə dedi ki, belə aksiyaların keçirilməsindən öncə başqa işlər görülməlidir:
"Aksiyaların bu şəkildə keçirilməsi işin xeyrinə deyil. Çünki biz həyəcan təbili çalmalıyıq ki, Azərbaycan ailəsi pis vəziyyətdədir, gərginlik var. Təkcə qadına şiddət yoxdur. Ailədə gərgin vəziyyət olduğuna görə, kimsə bundan mənzərə yaradır ki, sanki qadına şiddət var. Hər yüz evlənəndən 25-27 və daha çox adam boşanır. Bu qədər adam boşanırsa, ondan da ikiqat artıq evlərdə gərginlik var. Gərginlik varsa bu tək ər-arvad münaqişəsi deyil. Həmin ailələrdə xalqın yeni nəsli böyüyür. Ölkənin yeni nəsli böyük təhlükə altındadır. Biz bütün diqqəti Azərbaycan ailəsini xilas etməyə yönəltməliyik. Yarımçıq, düşünülməmiş aksiyalara ümid daha çoxdur. Sanki belə bir şeylərlə ailə institunu xilas edə biləcəklər. Qloballaşma getdikcə qadınlar azadlıq, demokratiya haqqında təsəvvürləri lazımı qədər formalaşmadığından, mənəvi dəyərlər haqqında bilgilərin azlığından bir sıra hadisələr baş verir. Biz demokratiyanı mənəvi dəyərlər üzərində formalaşdırmalı idik. Mənəvi dəyərləri arxa plana salmaqla belə təsəvvürlər formalaşdırdıq özümüzdə. Kişilər daha çox yaddan çıxıb. Kişilər isə qadınların o mənəvi dəyərləri tapdalamasını görəndə çıxılmaz vəziyyətdə qalırlar. Vəziyyət kənardan sanki belə görünür: azərbaycanlı kişilər vəhşiləşib, səhərdən axşama qədər qadınları döyürlər, qadınlar da öz hüquqlarını bilmirlər. Qadınlar da hüquqlarını yaxşı öyrənməlidirlər ki, özlərini müdafiə etsinlər. Tamamilə yanlış, yalançı, səhv bir təsəvvürdür. Ən əsası odur ki, ailədə ahəngdar bir mühit yaranmalıdır. Bunun üçün işlər görülməli, biz ailəni xilas etməliyik. Kişi qadına qalxıb bir şillə vurursa səhv hərəkət edir. Amma qadın dili ilə hansı dedi-qodular, hansı gərginlər yaradır bu haqda söhbət getmir. Bəlkə də mənəvi tərəfdən götürəndə kişilərə daha şiddət çoxdur, nəinki qadınlara. Evdə gərginlik yarananda qadın dilindən, kişi də gücündən istifadə edir. Görünən də kişinin fiziki gücü olur. “Qadına şiddətə yox” demək heç nəyi xilas etmir”.