"Tacikistan vətəndaşlarının hüquqlarına hörmət edilsin!" – Ombudsman Umed Bobozada

11:22 14.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tacikistanın insan haqları üzrə müvəkkili, Ombudsman Umed Bobozoda miqrantların hüquq və azadlıqlarının pozulması ilə bağlı rusiyalı həmkarı Tatyana Moskalkovaya müraciət edib.

Hafta.az-ın yazdığına görə, müraciətdə deyilir ki, onlara əməkçi miqrantların sənədlərinin qanuniliyinin yoxlanıldığı barədə məlumat daxil olub. Şəbəkələrdə yayılan videolara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları “kobudluq, döymə və təhqir kimi qadağan olunmuş rəftar üsullarını tətbiq edirlər”.

Tacikistan vətəndaşları çox vaxt sərhəddə uzun müddət, bəzən bir neçə gün, adekvat yaşayış şəraiti və qidası olmadan saxlanılır. Ombudsmanın müraciətində deyilir ki, onların arasında məmurların, tələbələrin, qocaların, qadınların və uşaqların nümayəndələri var.

O, Moskalkovadan tələb edib ki, Rusiyada Tacikistan vətəndaşlarının hüquqlarına riayət olunsun, miqrantlarla pis rəftar halları araşdırılsın.

Bir həftə əvvəl Tacikistanın baş naziri Kahir Rəsulzadə Rusiyada vətəndaşlarının hüquq və azadlıqlarının pozulduğunu açıqlamışdı. O bildirib ki, getdikcə daha çox vətəndaş Rusiyaya daxil olmaqda çətinlik çəkir. Onlara təhlükəsizliklə bağlı qeyri-müəyyən və mücərrəd bəhanələrlə ölkəyə giriş yasaqlanır və ya deportasiya edilir.