Artıq Azərbaycanda da dərman istehsalı inkişaf etdirlir. Belə ki, Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC-nin dərman vasitələrinin istehsalı zavodunun bu ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulub. Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC-nin və Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” QSC-nin dərman istehsalı zavodlarında əsasən ağrıkəsicilər, iltihab əleyhinə, antibiotik, antihistamin, kardioloji, antidepresant, antiepileptik dərmanların istehsalı planlaşdırılır.

Ölkədə dərman istehsalının səviyyəsi ilə bağlı hafta.az-ın sualını cavablandıran tibb eksperti, professor Adil Qeybulla hesab edir ki, bu gün dərman istehsalı Azərbaycanda çox aşağı səviyyədədir.
Ekspert dedi ki, istehsal prosesi başladılıbsa, bunun üçün keyfiyyət məsələsi də əsas götürülməlidir:
“Əslində dərman təhlükəsizliyi milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Azərbaycanda bu sənayenin inkişafı təqdirə layiq haldır. Amma araşdırmaq lazımdır ki, bizim dərman istehsalm edəcək zavodlarımız hansı xarici zavodlarla işləyir. Yəni bu müəssisələrdə qurulacaq texnologiyaları hansı müştərək şirkət quracaq. Biz İranla əməkdaşlıq etməkdənsə, yaxşı olardı ki, Avropa şirkətlərinin biri ilə əməkdaşlıq edək. Sabah tibbi sığorta paketində vacib dərmanların paketə daxil olunması, xüsusilə Azərbaycanda onların istehsalı çox mühüm olardı. Həm qiymət məsələsini əlçatan edərdi, həm də əlavə yükdən qurtulmuş olardı”.

İqtisadçı ekspert Natiq Cəfərli isə yerli bazarda dərman istehsalının artmasını qiymətlərin tənzimlənəcəyinə, xaricdən asıllığı azaltmağa gətirib çıxaracağını dedi:
“Hər şey istehsal olunacaq dərmanlardan və keyfiyyətindən asılıdır. Azərbaycanda dərman istehsal oluna bilər. Ancaq onun molekulları, yəni xammalı xaricdən gətiriləcək. Təəssüf ki, bizdə dərman vasitələrinin istehsalı üçün xammal istehsal edən müəssisələrdən başlanılmadı. Hazır molekulalar ilə hazırlanan dərmanların istehsalı üçün addımlar atılır. Rusiya və İran şirkətləri ilə ilkin olaraq müqavilələr bağlanılıb. Ucuz və sadə molekulların Azərbaycanda istehsalı idxalın azalmasına səbəb olacaq. Xaricdən gətirilən ucuz və sadə molekullardan dərmanlar istehsal edib, satışını həyata keçirtdikdə təlabata təsir edəcək. Həmçinin qiymətlərin tənzimlənməsinə də təsirini göstərəcək. Ancaq yenə də yetərli deyil. Çünki zavod varsa yeni texnologiyanın bu zavodlara gətirilib tətbiq edilməsi lazımdır. Rusiya və İran kimi dövlətlər öz texnologiyaların Azərbaycana gətirib tətbiq edə bilərlər. Rusiyanın özünün dərman bazarının bu gün 70 faizi xaricə bağlıdır. Ona görə də ucuz qiymətli dərmanların istehsalı baş tutsa xaricdən gətirilən dərmanları nisbətən əvəz etməyə kifayət edəcək. Ancaq indi hazırki durum belədir ki. bu yerli dərman istehsal edən zavodlar yenə xaricə bağlıdır. Özümüzun bünövrəmiz olmalı idi. Bunun üçün labaratoriyalar, yeni texnologiyaların quraşdırılması lazım idi. Eyni zamanda mütəxəssislərin yetişdirilməsi bu sahəyə yanaşmanı özündə ehtiva edə bilər. Gələcəkdə dərmanla kifayət qədər təmin olunmağa şərait yarada bilər. Atılan addımlar lazımdır. Çünki yerli istehsal demək olar ki, yoxdur. Elmi, sistemli yanaşmaq lazımdır ki, bu problem kökündən həll olunsun”.