Davam edən silahlı münaqişə, humanitar yardımların maliyyələşdirilməsinin azalması və Körfəz regionundakı müharibə ilə əlaqədar yaranmış pozuntuların kənd təsərrüfatı xərclərini artırması Sudanda aclıq böhranının daha da dərinləşməsi riskini artırır.
Hafta.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Karl Skau müsahibəsində bildirib. Onun sözlərinə görə, Sudan hazırda dünyada ən böyük humanitar böhranla üz-üzədir. Ölkədə təxminən 5 milyon nəfər fəlakətli səviyyədə ərzaq çatışmazlığından əziyyət çəkir. Genişmiqyaslı humanitar yardım kampaniyaları aclıq şəraitində yaşayan insanlara müəyyən qədər kömək etsə də, vəziyyət hələ də son dərəcə ağır olaraq qalır.
Karl Skau bildirib ki, hazırda 100 mindən çox insan BMT-nin İnteqrə Edilmiş Ərzaq Təhlükəsizliyi Mərhələli Təsnifatına (IPC) əsasən ən yüksək – beşinci mərhələyə uyğun gələn, aclığa bənzər şəraitdə yaşayır. O vurğulayıb ki, bu göstəricilər ölkədəki humanitar vəziyyətin son dərəcə kritik olduğunu nümayiş etdirir.
Qeyd edək ki, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında dördüncü ilinə qədəm qoyan silahlı qarşıdurma nəticəsində milyonlarla insan doğma yurdlarını tərk etməyə məcbur olub, ölkənin geniş əraziləri isə dağıntılara məruz qalıb. Beynəlxalq yardım təşkilatları ərzaq təhlükəsizliyinin daha da pisləşəcəyi və humanitar yardımların ehtiyacı olan əhaliyə çatdırılmasının çətinləşəcəyi barədə dəfələrlə xəbərdarlıq ediblər./“Reuters”/