Türkmənistanda axtarılan şəxs Azərbaycandan ekstradisiya edildi

17:50 14.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda saxlanılan beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkmənistanda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanılması və daşınması cinayətində təqsirləndirilən, beynəlxalq axtarışa verilmiş Türkmənistan vətəndaşı Dovletgeldi Başımov Azərbaycandan ekstradisiya olunub.

Türkmənistan Baş Prokurorluğunun 1979-cu il təvəllüdlü Başımov Dovletgeldi Nursaxedoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiyası ilə bağlı vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyi iddia olunan cinayətə görə beynəlxalq axtarışa verilmiş Dovletgeldi Başımov 2026-cı ilin mart ayında Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxsin ekstradisiyası barədə qərar qəbul edilib.

Dovletgeldi Başımov daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.