Qarabağın mədəni paytaxtı Şuşa növbəti dəfə beynəlxalq diqqət mərkəzindədir. IV Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri, analitikləri və jurnalistləri bir araya gətirməklə təkcə media sahəsində deyil, həm də qlobal siyasi gündəmin müzakirə olunduğu mühüm platforma kimi çıxış edib. Forum çərçivəsində səsləndirilən fikirlər, xüsusilə Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri ilə açıq dialoqu, Azərbaycanın artan geosiyasi rolu, regional proseslər və gələcək əməkdaşlıq perspektivləri baxımından xüsusi maraq doğurub.
"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Hafta.az-a açıqlamasında bildirib ki, Şuşa artıq təkcə Qarabağın deyil, qlobal siyasi dialoqun da mühüm ünvanlarından birinə çevrilir. Onun sözlərinə görə, Şuşada keçirilən IV Qlobal Media Forumu çox böyük siyasi əhəmiyyət daşıyır.
"Bu, Qarabağın, xüsusilə də Şuşanın bir sıra mühüm beynəlxalq tədbirlərdən sonra qlobal platformaya çevrilməsi deməkdir. Forumun mövzusu – “Sülhün təşviqində medianın missiyası, həqiqətin bərpası və etimadın yenidən qurulması” - özlüyündə dünyaya verilən mühüm siyasi mesajdır. Bu ideyaların təşviqi və beynəlxalq ictimaiyyətə çatdırılması bəşəriyyət üçün mühüm siyasi missiyadır",- ekspert bildirib.
Mərkəz rəhbəri vurğulayıb ki, böyük düşüncələr böyük ideyalar yaradır və məhz həmin ideyalar xalqların və dövlətlərin gələcəyini müəyyənləşdirir:
"Bu baxımdan Şuşa Qlobal Media Forumu müxtəlif baxışların reallığa çevrildiyi, həqiqətin, etimadın və sülhün təşviq olunduğu beynəlxalq platformaya çevrilib. Burada səsləndirilən hər bir sağlam fikir yalnız bu günə deyil, həm də gələcəyin informasiya təhlükəsizliyinə, media əməkdaşlığına və qlobal sabitliyə xidmət edir. Forumda çoxsaylı nüfuzlu media nümayəndələrinin, ekspertlərin və peşəkarların iştirakı tədbirin beynəlxalq nüfuzunun göstəricisidir. Böyük ideyaların ünvanı ortaq gələcəkdir. Bu ortaq gələcəklə bağlı dünyada baş verən proseslər fonunda Prezident İlham Əliyevin səsləndirdiyi siyasi mesajlar xüsusi əhəmiyyət daşıyır. Həqiqət və etimad anlayışlarının ön plana çıxarılması göstərir ki, davamlı sülhün əsasında məhz həqiqət dayanır."
R.Hüseynov vurğulayıb ki, Azərbaycan artıq dünya ilə inteqrasiyaya can atan ölkə deyil, əksinə, dünyanın Azərbaycanla inteqrasiya etdiyi yeni mərhələyə qədəm qoyub:
"Vaxtilə Azərbaycanın dünya ilə inteqrasiyası üçün addımlar atılırdısa, bu gün dünyanın Azərbaycanla qarşılıqlı inteqrasiya prosesinin şahidi oluruq. Bu isə Azərbaycan dövlətinin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir. Şuşa Forumunun əsas siyasi mahiyyəti də məhz burada üzə çıxır. Bu gün Şuşada təkcə media nümayəndələri toplaşmır. Burada ictimai rəyə təsir göstərən, qərarların qəbuluna müəyyən mənada təsir edən media rəhbərləri, ekspertlər və analitiklər bir araya gəlirlər. Bu, Azərbaycanın artıq beynəlxalq siyasi dialoqun mühüm platformalarından birinə çevrildiyini göstərən reallıqdır."
R.Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi "orta güc" anlayışına da diqqət çəkib:
"Bu, Azərbaycanın özünə verdiyi qiymət deyil, beynəlxalq siyasi sistemin ölkəmizə münasibətinin ifadəsidir. Müasir dövrdə dövlətin gücü yalnız iqtisadi və ya hərbi potensialla ölçülmür. Əsas meyar beynəlxalq proseslərə təsir etmək, milli maraqları qətiyyətlə müdafiə etmək və etibarlı tərəfdaş kimi qəbul olunmaqdır. Azərbaycan bu meyarların hər birinə cavab verir. Beynəlxalq münasibətlər sistemində etimad faktoru xüsusi əhəmiyyət daşıyır. Etimad ən böyük siyasi kapitaldır. Müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycanı dialoq üçün etibarlı məkan kimi seçməsi də məhz bu kapitalın formalaşmasının nəticəsidir. Bu gün Azərbaycan təkcə regional proseslərin iştirakçısı deyil, həm də həmin proseslərin istiqamətini müəyyənləşdirən aktorlardan birinə çevrilir. Burada artıq təkcə Qarabağın bərpasından danışılmır. Burada yeni geosiyasi reallıqlar, Cənubi Qafqazın dəyişən siyasi arxitekturası, beynəlxalq hüquqa əsaslanan sülh modeli və gələcəyin informasiya təhlükəsizliyi müzakirə olunur. Məhz buna görə Şuşa Qlobal Media Forumu media tədbirindən daha çox siyasi və strateji düşüncənin formalaşdığı beynəlxalq platforma kimi çıxış edir. Bu isə Azərbaycanın dünyaya verdiyi ən mühüm siyasi mesajlardan biridir."