Ukrayna kəşfiyyatı "Vaqner" qüvvələrinin iyunun 24-də Rusiyada silahlı qiyam zamanı nüvə silahlarının saxlanıldığı "Voronej-45" hərbi bazasına çatdığını iddia edib.
Hafta.az-ın "Kiyev Post"a istinadən yazdığına görə, ərazidəki kameralar "Vaqner" qüvvələrinin bazanın 100 kilometrliyinə çatdığını ortaya çıxarsa da, ondan sonrakı saatlarda baş verənlərə dair heç bir dəlil yoxdur.
Ukrayna kəşfiyyat xidmətinin rəhbəri Kirilo Budanov silahlıların Sovet dövründən qalma kiçik nüvə silahlarının saxlandığı bazaya uğurla daxil olduğunu bildirib. “Əgər siz son nəfərədək döyüşməyə hazırsınızsa, bu, əlinizi ciddi şəkildə gücləndirəcək obyektlərdən biridir”, - Budanov deyib.
Ukraynalı general "Voronej-45" bazasında bel çantası boyda nüvə silahlarının yığıldığını iddia edib.
Onun sözlərinə görə, "Vaqner" döyüşçüləri ilə nüvə silahlarını ayıran yeganə şey nüvə arsenalının qapısı olub.
Rusiyanın işğalı altında olan Ukraynanın şərqindən məsələ ilə bağlı məlumatlı mənbə "Vaqner"in strateji bölgəyə daxil olduğunu və bu inkişafın Belarus prezidenti Lukaşenkonun vasitəçiliyi ilə razılaşmanı sürətləndirdiyini bildirib.
Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Adam Hodge, "Bu xəbəri təsdiq edə bilmərik. Nüvə silahlarının və ya təchizatların risk altında olduğuna dair heç bir əlamət görmədik" deyib.
Amerika Elm Adamları Federasiyasından nüvə tədqiqatçısı Matt Korda Rusiyanın nüvə arsenalına daxil olmağın çətinliyinə diqqət çəkərək, "Nüvə silahlarına çatan pis niyyətli bir aktyor varsa, silahları tamamilə parçalanmış tapacaqlar. Onlar xüsusi avadanlıqla birləşdiriləcək. Ayrıca icazələrini daxil etməklə aktivləşdirilir. Bunun üçün Rusiyanın nüvə arsenalının qorunmasına cavabdeh olan 12 idarəsindən kiminsə köməyinə ehtiyac var", - əlavə edib.