Niderlandla konsulluq sahəsində əməkdaşlıq genişləndirilir

22:12 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

22 iyun tarixində Haaqa şəhərində Azərbaycanın və Niderland Krallığının Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsi üzrə ilk iclas baş tutub.

Bu barədə hafta.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, viza siyasəti, əmək, daxili işlər, ədliyyə və hüquqi yardımın göstərilməsi sahələri üzrə əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə edilib.

Danışıqlarda Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Niderland nümayəndə heyətinə isə Niderland Krallığının Xarici İşlər Nazirliyinin Konsulluq və viza məsələləri üzrə idarəsinin rəisi Jeron Roodenburq rəhbərlik edib.

Tərəflər konsulluq istiqaməti üzrə əlaqələrin inkişaf etdirilməsi məqsədilə ikitərəfli əməkdaşlıq mexanizminin yaradılmasına dair razılıq əldə ediblər.

Eyni zamanda, nümayəndə heyətinin Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüş zamanı iki ölkə arasında miqrasiya, readmissiya və digər əlaqədar sahələr üzrə müzakirələr aparılıb və təcrübə mübadiləsi həyata keçirilib.

İyunun 23-də nümayəndə heyəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının və Beynəlxalq Miqrasiya Təşkilatının Niderland Krallığında yerləşən ofislərinin rəhbərləri ilə görüşlər keçirib.

İyunun 24-də isə nümayəndə heyəti Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının (HCCH) Baş katibi Kristof Bernaskoni tərəfindən qəbul edilib. Görüş çərçivəsində bu təşkilatın fəaliyyəti barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib, Azərbaycan Respublikasının HCCH-in qoşulduğu beynəlxalq konvensiyaların icrasına və təşkilatla ölkəmiz arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Siyasət rubrikasından digər xəbərlər