İyul ayının 10-dan paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılması ilə bağlı xəbər vermişdik.
İşlər hazırkı səviyyəsi, bu layihənin tətbiqinin Bakı ilə yanaşı, daha hansı şəhərləri əhatə edəcəyini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov ilə əlaqə saxladıq.
İ. Kərimov hafta.az-a açıqlmasında bildirdi ki, pilot layihə olaraq ilk öncə Nərimanov rayonu götürülüb və yeni konteynerlər 7 rayonda yerləşdirilib:
“İşlər çərçivəsində rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici reklamlar yapışdırılıb. Əraziyə cavabdehlər təyin olunub, könüllülər gündəlik marifləndirmə işlərini davam etdirir. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir. Layihənin həyata keçirilməsinin ilk günləri öz müsbət nəticələrini vermişdir. Artıq rayondakı çeşidləmə mərkəzinə daxil olan təkrar emal tullantıların həcmində artım müşahidə olunur. Layihə Bakının bütün rayonlarını əhatə edəcək. Gələn il şəhərin böyük hissəsində bu işləri yekunlaşdıracağıq".
İsrafil Kərimov bu layihənin Azərbaycanın digər böyük şəhərlərində davam edib-etməyəcəyinə gəldikdə isə hələ bu haqda məlumatı olmadığını dedi:
“Azərbaycan digər şəhərlərində bu layihənin həyata keçirilməsi ilə bağlı heç nə deyə bilmərəm. Bu işlər hələki Bakıda aparılır. Əgər belə bir təklif olarsa gələcəkdə yəqin ki, mətbuatda ətraflı məlumat verilər”.