Bu gün – noyabrın 11-də dost Polşa xalqı Müstəqillik Gününü qeyd edir. Düzdür, koronavirus pandemiyasının yaratdığı bəzi süni əngəlləri nəzərə almasaq, istər ölkə daxilində, istərsə də xaricdə yaşayan və fəaliyyət göstərən hər bir polşalı bu bayramı böyük coşquyla qarşılayır.
Müstəqillik Günü necə yaranıb? Rusiya, Prussiya və Avstriya imperiyaları tərəfindən üç yerə bölünmüş Polşa 123 il aradan sonra – 1918-ci il noyabrın 11-də yenidən müstəqillik qazanıb.

Polşanın rəsmi istirahət günləri arasında yer alan Müstəqillik Günü, 1920-ci ildən bəri qeyd edilməkdədir. Amma II Dünya Müharibəsi zamanı və sonrakı kommunist idarəçiliyi dövründə bu bayram sadəcə gizli şəkildə qeyd olunmağa başlayıb. Daha konkret desək, 1945-ci ildən sonra qurulan kommunist rejim müstəqillik bayramının tarixini iyulun 22-nə keçirib. Lakin “hər qaranlıq gecənin bir işıqlı sabahı olar” deyib babalarımız. Polşa 1989-cu ildə Sovet İttifaqının defakto əsarətindən qurtulub və təbii ki, o vaxtdan özünəməxsus milli dəyərlərinə sahib çıxmağa başlayıb. Bu dəyərlərdən biri də məhz Müstəqillik Günü dür ki, onun qeyd olunması tarixi yenidən 11 noyabra qaytarılıb...
Polşa müstəqilliyini qazanmaq üçün çox sayda itkilər verməli olub. I Dünya Müharibəsi, II Dünya Müharibəsi, Sovet İmperiyasının əsarəti kimi amillər yüz minlərlə polşalını həyatdan aparıb. Amma can etkiləri polşa xalqını ruhdan salmayıb, sonadək dirənərək nəhayətində arzusunda olduqları azadlığı qazanıb. Məhz xalqın birliyi sayəsində qazanılan azadlıq Polşanı 1989-cu ildə indiki mövcud Respublikaya çevirib və hazırda Avropanın ən sürətli inkişaf müstəvisində olan dövlətlərindən biri edib.
Bu arada, məlumat üçün deyək ki, Polşa yerləşdiyi hərbi-siyasi-strateji mövqeyi üzündən tarix boyu böyük güclərin döyüş meydanına çevrilib və hətta dəfələrlə işğal olunaraq siyasi xəritədən silinib. Lakin hər dəfə də milli qəhrəmanları sayəsində yenidən azadlığına qovuşub. Bu qəhrəmanlardan biri də polşalıların əfsanəvi lideri Jozef Pilsudskidir. Məhz onun başçılığı altında Polşa xalqı 123 il aradan sonra - 11 noyabr 1918-ci ildə müstəqilliyini elan edib.
Artıq Polşa xalqı hər il 11 noyabr tarixində azad şəkildə bayram keçirir. Rəsmi heyətlər tərəfindən düzənlənən tədbirlər çərçivəsində Piłsudski meydanında ucaldılmış Naməlum Əsgər abidəsi ziyarət olunur, qarşısına əklil qoyulur, azadlıq mübarizəsində canlarından keçmiş qəhrəmanların məzarları ziyarət edilir və sair.
Onu da yaddan çıxarmayaq ki, Polşa xalqı indiki azad və yüksək rifaha malik ölkəni onlara miras buraxan Jozef Piłsudski, Roman Dmovski, İgnaci Jan Paderevski, general Jozef Haller, İgnaci Daszinski, Vinsenti Vitos və Vojcieç Korfanti kimi qəhrəmanlara borcludur. Adlarını çəkdiyimiz və çəkmədiyimiz neçə-neçə insan fərqli siyasi düşüncəyə malik olsalar da, azadlıq sevgisi onları vahid platformada birləşdirib. Bu amal Polşa torpaqlarında azad və suveren dövlət qurmaq olub...
Dost Polşa xalqı, Müstəqillik Gününüz mübarək!