Paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Naməlum şəxs evə daxil olaraq oradan 7 min manat, 3 min dollar məbləğində pul və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, hadisə barədə məlumat daxil olan kimi, dərhal Xətai Rayon Polis İdarəsinin və 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib. “İsti izlər”lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Cavid Süleymanov və Əhməd Əhmədov qısa zamanda oğurladıqları maddi sübutlar olan qızıl-zinət əşyaları ilə birgə saxlanılıblar.
Həyata keçirilən zəruri-istintaq hərəkətləri zamanı müəyyən edilib ki, Cavid Süleymanov və Əhməd Əhmədov bir müddətdir paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla hündürmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluqlar ediblər.
Belə ki, Cavid Süleymanov oğurluq etməmişdən əvvəl 2016-cı ildə xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak edib. Həmin kurslarda öyrəndiyi vərdişlər sayəsində Cavid Süleymanov çoxmərtəbəli binaların damından özü ilə gətirdiyi kəndir vasitəsilə oğurluq edəcəyi mənzillərin eyvanına düşüb. Daha sonra mənzilə daxil olaraq oğurluq hadisələri törədib. O, oğurluq etdiyi bütün evlərə eyni yolla daxil olub. Polislərin onun izinə düşməməsi üçün Cavid Süleymanov hadisədən sonra mənzillərin giriş qapılarını sındıraraq hadisə yerindən yayınıb. Bununla da o, guya mənzilə daxil olan şəxsin qapını sındırmaq yolu ilə oradan oğurluq etdiyi görüntüsü yaradıb. Həmçinin o, ifadəsində oğurluq etdiyi mənzillərdə iz buraxmamaq, hadisə yerindən yayınmağın yollarını öyrənmək üçün kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında ədəbiyyatlar oxuduğunu da bildirib.
Qeyd edək ki, Cavid Süleymanov qarət edəcəyi mənzilləri müəyyən etmək üçün əvvəlcə şəhərin müxtəlif yerlərindəki hündürmərtəbəli binaların kənardan fotoşəkillərini çəkib. Həmin binalarda bir neçə ay müşahidələr apararaq hansı mənzildə yaşayışın olub-olmadığını, ev sahiblərinin mənzilə gəlib-getmə saatlarını müəyyən edib. Bunun üçün binaların sxemlərini hazırlayaraq oğurluq üçün plan qurub. Saxlanılan zaman Cavid Süleymanovun üzərindən və əlindəki çantadan həmin sxemlərin qeyd edildiyi dəftərlər, eləcə də içərisində oğurluq etməyi planlaşdırdığı Bakı şəhərinin müxtəlif nöqtələrində yerləşən çoxmərtəbəli binaların 2500-dən çox şəkili olan fotoaparat da aşkar edilib.
Cavid Süleymanov oğurluq edən zaman qazandığı qızıl-zinət əşyalarını isə yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu məntəqələrinə satıb. Onun yaşadığı evə baxış zamanı, həmçinin mənzilə daxil olduqda zərərçəkmişlə rastlaşacağı təqdirdə istifadə etmək üçün əldə etdiyi 5 qaz balonu, uzaq məsafədən əlaqə saxlamaq üçün istifadə edilən 2 radioəlaqə vasitə, mənzillərin qapılarını qırmaq üçün alətlər, alpinist fəaliyyəti ilə bağlı olan xeyli sayda kəndir, dayaq qurğuları və digər əşyalar aşkarlanaraq götürülüb. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni, ev sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil olduğunu bildirib.
Cavid Süleymanov oğurluqlar edən zaman onunla eyni vaxtda saxlanılan Əhməd Əhmədovun həmin binaların yaxınlığında olub və ətrafda baş verən hər hansı şübhəli hərəkətlər barəsində ona məlumat ötürdüyü müəyyənləşib. Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Cavid Süleymanov və Əhməd Əhmədovun paytaxt ərazisində törətdiyi oğurluq və bu kimi analoji cinayətlərin sayının artacağı istisna olunmur.