2022 nə ili elan edilsin? - SORĞU

12:07 30.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev 2021-ci il yanvarın 5-də ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncam imzalamışdı. Bəs görəsən qarşıdan gələn 2022-ci il  nə ili elan oluna bilər? Hansı məsələ prioritet götürülsə daha məqdəsəuyğundur?

Xatırladaq ki, hafta.az olaraq ötən il də mövzu ilə bağlı incəsənət adamları, siyasətçilər, idmançılar və b. fərqli peşə mənsubları arasında sorğu keçirmişdik. Cavablar müxtəlif idi, kimisi söyləyirdi, “Qayıdış ili” olsun, kimisi isə deyirdi, “Əsgər ili”. Ortaq olan bir məqam var idi, bu da bütün variantların hərbi-vətənpərvərlik ruhunda olması idi. Budəfəki sorğumuz isə baş redaktorlar arasında aparıldı.

İlk olaraq “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli fikirlərini bizimlə bölüşdü:

“2022-ci ildə Şuşa şəhərinin əsasının qoyulmasının 270-ci ildönümüdür. Bu münasibətlə qarşıdan gələn ilin Şuşa ili elan olunmasını istərdim. Gələn il həm də Ağdam şəhərinin əsasının qoyulmasının 270-ci ildönümüdür. Düşünürəm, bu tarixi faktı da nəzərə almaq olar”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay:

“Fikrimcə, bizim üçün indi ən vacib məsələ quruculuqla bağlıdlır. Növbəti il işğaldan azad edilmiş hər hansı bir şəhərin quruculuq işlərini tamamlayıb, köçkünlərin yerləşdirilməsi baş tuta bilər. Kütləvi formada məskunlaşma bizim üçün çox böyük hərəkətverici qüvvə olar. Bu təbii ki mənim şəxsi düşüncələrim, təklifimdir. Qərar isə birinci şəxsdən asılıdır. Mənə elə gəlir ki, onun da özünün planlarında ən böyük məsələ qayıdış məsələləridir”.

Demokrat.az saytının baş redaktoru Vasif Həsənli:

“Yaxşı olardı ki, 2022-ci il Azərbaycanda dövlət sərhədlərinin bərpası ili, quruculuq və abadlıq ili elan olunsun. 2020-ci ilin sonu Azərbaycan üçün tarixi il olub, biz təqribən 30 il həsrətdən sonra Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında torpaqlarımızı erməni işğalından azad etdik. Bu il isə işğaldan azad olunan ərazilərimizdə quruculuq, abadlıq və bərpa işlərinə start verilib. Yəqin ki, əksəriyyətin ürəyincə olar ki, 2022-ci il Azərbaycanda abadlıq-quruculuq və sərhədlərimizin bərpası ili elan olunsun”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev:

 “Hər il bu müxtəlif mövzulara həsr olunur. Burada ədəbiyyat da var, siyasət də, tariximiz də. Xatırlayıram ki daha əvvəl kompüter texnologiyasının inkişafı ilə bağlı “İnnovasiyalar ili” və yaxud da “Ekologiya ili” elan olunmuşdu. İdeyalar çoxdur, ancaq mən bilmirəm, burada seçim zamanı hansı meyarlar əsas götürülür”.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu:

“Çox fərqli və maraqlı sualdır. Düşünmək lazımdır. Fikrimcə, “Zəngəzur ili” olsa lap yerinə düşər. Hesab edirəm ki, bütün hədəflər Zəngəzur dəhlizi və Zəngəzur istiqamətinə yönəlməlidir. Bu məsələ Azərbaycanın gələcəkdəki taleyini həll edəcək amil olacaq. Biz 2022-ci ildə Zəngəzur dəhlizi məsələsini həll edə bilsək, 100 illik hədəfimizə çatmış sayılırıq”.

AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov da “Zəngəzur ili” elan olunacağını düşünən həmkarları ilə bir fikirdədir.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı:

“Hazırda cəmiyyətin əsas gözləntisi böyük qayıdışla bağlıdır. Buna görə hesab edirəm, 2022-ci il “Qayıdış ili” olsa, daha məqsədəuyğundur”.

“Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz:

“Bu suala bədahətən cavab vermək bir qədər çətindir. Növbəti ilin həsr ediləcəyi mövzu elə bir adamla yaxud da hadisə ilə bağlı olmalıdır ki, bu mühüm əhəmiyyət kəsp etsin. Daha əvvəl “Aşıq Ələsgər ili”, “Nizami ili” oldu hansı ki hər birinin müxtəlif mahiyyəti var idi. Buna görə də fikrimcə yenə eyni kriteriyalar nəzərə alınaraq qərar veriləcək”.

"SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev:

“Tarixi zəfərimizdən sonra hələ ki “Hərbçilər ili” elan etməmişik. Daha əvvəl könüllülər, gənclər ili elan olunmuşdu.  Düşünürəm, növbəti il “Hərbi vətənpərvərlik ili”, yaxud  “Qarabağ ili” olsa, həmin il görüləcək bütün işlər tendensiyaya çevrilə bilər. Qarabağ ili çərçivəsində həm hərbçiləri, onların peşələrini, ailələrini sevmək, həm də hərbi vətənpərvərlik ruhunu aşılamaq yaxşı olardı”.

P.S. Səsləndirilən təkliflərin hamısı maraqlıdır. Biz də "Həftə içi" qəzeti olaraq 2022-ci ilin "Qayıdış ili" elan edilməsini təklif edərdik.

Oxunma sayı 386