2030-cu ilədək 50 min iş yeri ixtisar ediləcək

08:24 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen"in baş direktoru Oliver Blume şirkətin 2030-cu ilədək 50 min iş yerinin ixtisarını nəzərdə tutan proqramını təsdiqləyib.

Hafta.az xəbər verir ki, Blume səhmdarlarla keçirilən virtual görüşdə avtomobil sənayesində rəqabətin və iqtisadi təzyiqlərin artdığını bildirib. Onun sözlərinə görə, "Volkswagen"in uzun illər uğur gətirən biznes modeli artıq mövcud şəraitə uyğun deyil və şirkət fəaliyyətini yeni bazar tələblərinə uyğunlaşdırmalıdır.

Şirkət rəhbəri qeyd edib ki, əsas brend üzrə planlaşdırılan 35 min ixtisardan 19 mininin 2026-cı ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulur. Hazırda 28 min əməkdaşın könüllü şəkildə işdən ayrılması təsdiqlənib.

Blume, həmçinin bildirib ki, şirkət Avropa və Çində istehsal güclərini azaltmağı planlaşdırır. Bu addımların məqsədi xərclərin optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılmasıdır.

"Volkswagen" daha əvvəl açıqlayıb ki, ilin ilk rübündə xalis mənfəəti 28,4 faiz azalaraq 1,56 milyard avroya düşüb. Şirkət xüsusilə Çin və ABŞ bazarlarında zəif satışlardan təsirlənir./DPA/