Yaxın vaxtlarda Çinin görməli yerlərinin siyahısına yeni bir məkan da əlavə oluna bilər. Söhbət “Böyük Günəş Səddi”ndən gedir. Çin Daxili Monqolustandakı Kubuki səhrasının qum təpələrini 400 kilometrlik təmiz enerji obyektləri zolağına çevirib. Sonsuz görünən günəş panelləri arasında şəhər boyda nəhəng qaçan at təsviri diqqəti cəlb edir.
Hafta.az xəbər verir ki, bu təsvir günəş panellərindən yaradılmış ən böyük təsvir kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Landsat 8 və Landsat 9 peyklərinin çəkdiyi yeni görüntülər Çinin bu layihəsinin miqyasını aydın şəkildə göstərir. Nəhəng günəş paneli sahələri artıq kosmosdan da açıq görünür. Üstəlik, cari onilliyin sonunadək bu enerji kompleksi hər il Pekin-Tyanjin-Hebey regionunu 40 milyard kilovat-saat ekoloji təmiz elektrik enerjisi ilə təmin etməlidir.
Çinin iddialı planına əsasən, bu ərazidə 100 min meqavat günəş enerjisi istehsal gücünün yaradılması nəzərdə tutulur. Bunun üçün uzunluğu təxminən 400 kilometr, eni isə təxminən 5 kilometr olan enerji dəhlizi inşa edilir.
2024-cü ilin sonuna olan vəziyyətə görə, ümumi gücü 5 400 meqavat olan obyektlər tamamlanmış hesab edilirdi. Bunun 2 min meqavatı “Three Gorges Kubuqi” enerji kompleksi tərəfindən təmin olunub.
İlk baxışdan bu göstəricilər son hədəflə müqayisədə təvazökar görünə bilər. Lakin bu il təxminən daha 7 min meqavat gücün istismara veriləcəyi gözlənilir. Təkcə “Three Gorges Kubuqi” kompleksi 16 min meqavat enerji istehsalı üçün nəzərdə tutulub. Bunun 8 min meqavatı günəş enerjisi, 4 min meqavatı isə külək enerjisi hesabına təmin ediləcək.
Maraqlıdır ki, qalan 4 min meqavat kömür enerjisi istehsalının payına düşür. Onun vəzifəsi hava şəraiti səbəbindən bərpa olunan mənbələrdən enerji istehsalının azaldığı dövrlərdə enerji sisteminin sabitliyini qorumaqdır.
Artıq tikilmiş infrastrukturun ən diqqətçəkən obyektlərindən biri də məhz həmin nəhəng qaçan at təsvirinin yerləşdiyi “Junma Solar Power Station” günəş elektrik stansiyasıdır. Stansiya Ginnes dünya rekordundan əlavə, daha vacib bir funksiyanı da yerinə yetirir, belə ki, hər il təxminən 2 milyard kilovat-saat elektrik enerjisi istehsal edir.
Günəş panelləri arasında yerləşən nəhəng qaçan at sadəcə təsirli dizayn elementi deyil. O, Çinin enerji təhlükəsizliyi sahəsində qarşıya qoyduğu məqsədlərə nə qədər sürətlə yaxınlaşdığının, eyni zamanda iqlim öhdəliklərini yerinə yetirməyə çalışdığının simvoluna çevrilib.