Türkiyə Statistika Təşkilatı (TÜİK) “Əhali proqnozları, 2023-2100” araşdırmasının nəticələrini açıqlayıb. Nəticələrinə görə, son illər Türkiyənin əhali strukturunda baş verən dəyişikliklərdən irəli gələn ehtiyaclara uyğun olaraq 2023-cü il üçün Ünvan Əsaslı Əhali Qeydiyyatı Sisteminin (ADNKS) nəticələrinə əsasən əhali proqnozları yenilənib.
Hafta.az-ın yazdığına görə, ölüm və miqrasiya ilə bağlı demoqrafik göstəricilərdə mövcud vəziyyətin davam edəcəyini, artım və ya azalma meylləri göstərə biləcəyini nəzərə alaraq, üç fərqli ssenari əsasında - əsas, aşağı və yüksək - əhali proqnozları hazırlanıb.
Demoqrafik göstəricilərdə mövcud quruluşun davam etdiyini fərz edən əsas ssenariyə görə, 2023-cü ildə 85 milyon 372 min 377 nəfər olan Türkiyə əhalisinin 2030-cu ildə 88 milyon 188 min 221 nəfərə, 2050-ci ildə isə 93 milyon 774 min 618 nəfərə çatacağı gözlənilir.
Türkiyə əhalisinin 2050-ci illərin ortalarına qədər artacağı, sonra isə azalacağı gözlənilir. Bu kontekstdə 2100-cü ildə əhalinin 77 milyondan aşağı düşəcəyi təxmin edilir.
Doğuş göstəricilərindəki sürətli enişin davam edəcəyini fərz edən aşağı ssenariyə görə, Türkiyə əhalisinin 2044-cü ildə 89 milyon 959 min 486 nəfərlə ən yüksək həddə çatacağı, 2100-cü ildə isə 55 milyonun altına düşəcəyi təxmin edilir.
Doğumu artıran tədbirlərin təsirli olacağını güman edən yüksək ssenariyə görə, Türkiyə əhalisinin 2056-cı ildə 100 milyonu keçəcəyi proqnozlaşdırılır.