3 min məhbus Ukrayna ordusuna qoşulmaq üçün müraciət edib

10:00 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna ədliyyə nazirinin müavini Olena Vısotska bildirib ki, Ukraynada 3 mindən çox məhbus Rusiya işğalına qarşı daha çox döyüşçü tapmaq məqsədi daşıyan yeni qanun çərçivəsində silahlı qüvvələrə qoşulmaq üçün müraciət edib.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, Vısotska Ukrayna televiziyasına deyib: “Qanun qəbul olunmazdan əvvəl etdiyimiz hesablamaya görə, bu, 3 mindən çox insanı əhatə edir".

Mayın əvvəlində Ukrayna parlamenti müəyyən kateqoriyalı məhbusların şərti azadlığa buraxılması müqabilində silahlı qüvvələrdə döyüşməsinə icazə verən qanunu qəbul edib və bu qanunu dərhal prezident Vladimir Zelenski imzalayıb.

Bu qanun öz ölkəsini müdafiə etmək arzusunu bildirən məhbusları da əhatə edir, məhbusun fiziki və psixoloji sağlamlığının yaxşı olduğu müəyyənləşdirildikdən sonra hərbi hakimiyyət orqanlarının təsdiqini tələb edir.

Bu qanun bəzi ağır cinayətlərə, xüsusilə də “iki nəfərdən çox adamı qəsdən öldürməyə”, cinsi zorakılığa, milli təhlükəsizliyə hücumlara və ya “ciddi” korrupsiyaya görə məhkum olunmuş məhbuslara şamil olunmur.

Yalnız üç ildən az həbsdə olan məhbuslar belə bir tələblə çıxış edə bilərlər.

“Ukraynada məhbusların müdafiəsi” qeyri-hökumət təşkilatının direktoru Oleq Tsvili mayın əvvəlində ukraynalı məhbusların “ətə” çevriləcəyindən və “Rusiyadakı kimi boş yerə” döyüşə göndəriləcəyindən qorxduğunu bildirib.

Rusiyada “Vaqner” yarımhərbi qruplaşması 2022-ci ildən başlayaraq Rusiya həbsxanalarından on minlərlə məhbusu döyüşə cəlb etdi və bu məhbuslar daha sonra qanlı hücumlarda, xüsusilə də Baxmut döyüşü zamanı öldürüldü.

Oxunma sayı 238