4 min illik Babil lövhələrində yazılanların mənası bilindi

09:28 09.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Təxminən 100 il əvvəl İraqda tapılan 4 min illik Babil lövhələrində yazılanlar nəhayət üzə çıxıb. Çivi yazısı olan tabletlər ay tutulmalarına əsaslanan pis əlamətlər daşıyır.

Hafta.az-ın “Live Science”a istinadən yazdığına görə, təxminən eramızdan əvvəl 2000-ci ildə qurulan Babil imperiyası bugünkü İraqı, həmçinin Suriya və İranın bir hissəsini əhatə edirdi. Astronomiya sahəsindəki işləri ilə tanınan babillilər digər Mesopotamiya xalqları kimi Ayın hərəkətlərinə böyük məna verirdilər.

Ay tutulmasının həm də pis hadisələrin xəbərçisi ola biləcəyinə inanılırdı.

Peyk Yerin kölgəsi altında qaldıqda baş verən Ay tutulması zamanı Ay qaralır və bəzən qırmızıya çevrilir.

Tutulmaların nə vaxt baş verəcəyini hesablamaq üçün bir üsul inkişaf etdirən babillilər pis hadisələri proqnozlaşdırmağa və qarşısını almağa çalışırdılar. Bu işarələr mixi yazı ilə lövhələrə də həkk olunub.

Təxminən 100 il əvvəl İraqda bu işarələri ehtiva edən 4 tablet aşkar edilib. Qədim Sippar şəhərindən gəldiyi düşünülən tarixi əsərlər 1892-1914-cü illər arasında İngiltərədəki Britaniya Muzeyinin kolleksiyasına əlavə edildi.

Ancaq bu lövhələrdə təxminən 4 min il əvvələ aid yazılanları bu günə qədər deşifrə etmək mümkün olmayıb.

London Universitetindən Endrü Corc və müstəqil tədqiqatçı Junko Taniguçi nəhayət ki, bu günə qədər tapılan ən qədim belə lövhələrin üzərində nə yazıldığını açıqlayıb.

“Journal of Cuneiform Studies” jurnalında bu yaxınlarda dərc edilmiş məqaləyə görə, babillilər ay tutulmalarının epidemiyalardan iqtisadi çətinliklərə, daşqınlardan bir sülalənin dağılmasına qədər müxtəlif fəlakətlərdən xəbər verdiyinə inanırdılar. Məsələn, lövhələrdən birində “Əgər tutulma qəfil mərkəzdən qeyri-müəyyən olsa və birdən aydınlaşsa, bir padşah ölür, Elam məhv olar” yazılıb. Elam indiki İranda yerləşən bir bölgə idi.

Başqa birində deyilir: “Axşam tutulması epidemiyaya dəlalət edir”.

Bəzi əlamətlər iki imkan təklif edirdi. Məsələn, ya padşah öləcək və ona görə də xalqı rifah içində yaşayacaq, ya da padşah ölməyəcək və xalqı əziyyət çəkəcək.

Tədqiqatçılar deyirlər ki, bəzi əlamətlər real təcrübələrə əsaslana bilər, lakin onların əksəriyyəti tutulmaların xüsusiyyətləri ilə bağlı digər proqnozlarla əlaqələndirilir.

Alimlər məqalədə babillilərin “göydəki hadisələrin yer üzünün sakinlərini gələcəkləri barədə xəbərdar etmək üçün tanrılar tərəfindən oraya qoyulmuş şifrəli işarələr olduğuna” inandıqlarını yazır və əlavə edirlər: “Padşahın məsləhətçiləri gecə səmasını seyr edər və müşahidələrini səma işarələri mətnlərinin elmi korpusu ilə müqayisə edərdilər”.

Tutulmalar böyük fəlakətlərə işarə etdikdə, bu əlamətlər qurban kəsilməklə yoxlanılırdı. Heyvanların daxili orqanlarında pis bir şeyin olacağına dair əlamətlər görünəndə camaat müxtəlif ayinlərlə bu hadisənin qarşısını almağa çalışırdı.

Ay tutulmalarının artıq xəbərdarlıq əlaməti olduğuna inanılmır. Lakin lövhələr babillilərin astronomiyaya verdiyi töhfələrə dair əlavə sübutlar təqdim edir.