8 milyon iraqlı müqaviləli əsgər olmaq üçün müraciət etdi

09:44 29.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son bir sutkada təxminən 8 milyon iraqlı Terrorla Mübarizə Agentliyində müqaviləli əskər kimi işləmək üçün müraciət edib. Bu iş üçün müraciətlər çərşənbə axşamı qurumun sosial media hesabları vasitəsilə olunub.

Hafta.az-ın yazdığına görə, terrorla Mübarizə İdarəsinin rəisi, general-mayor Kərim əl-Təmimi İraqın rəsmi “əl-İraqiyyə” telekanalına verdiyi açıqlamada, “İştirakçılar üçün qeydiyyat ödənişi etmədən müraciət edə biləcəkləri internet səhifəsi açılıb. İlk bir neçə saat ərzində təxminən 8 milyon insan müraciət etdi. Adlar elektron şəkildə göndərildi. Bu isə böyük hissəsi gənclər olan 42 milyonluq əhalinin təxminən 30 faizi deməkdir” deyib.

İş elanı qurumun keçmiş direktoru Əbdülvəhhab əl-Səidinin işdən çıxarılmasından iki ay keçməmiş yayılıb. Bu yaxınlarda İraqın baş naziri Məhəmməd Şia əs-Sudani Səidinin yerinə ət-Təmimi təyin edib.

General-mayor ət-Təmimi "Əsgər olmaq üçün elektron müraciət imkanının bütün iraqlılar üçün əlçatan olduğunu" deyərək, "Bu iştirak üçün qeydiyyat rüsumunun tələb olunması iddiaları doğru deyil" bildirib.

Bir çox insan terrorla mübarizə agentliyində işləmək üçün müraciət edənlərin bu çoxluğunun İraqın iş bazarında imkanların azalmasını əks etdirdiyini düşünür. Lakin İraq Planlaşdırma Nazirliyinin sözçüsü Əbdül Zəhra əl-Hindavi bu şərhə qarşı çıxır və deyir ki, onların çoxu artıq başqa işlərdə çalışır.