“Uşaqlar və hüquq” - Kitab təqdimatı

14:10 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 23-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaqlar üçün hazırlanmış “Uşaqlar və hüquq” adlı maarifləndirici kitabın təqdimat mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, kitabda uşaqların yaş xüsusiyyətləri və anlama səviyyələri nəzərə alınaraq hüquqi biliklər bədii və həyati nümunələr əsasında hazırlanmış kiçik hekayələr vasitəsilə təqdim olunub. Nəşrin əsas məqsədi uşaqlarda hüquqi biliklərin formalaşdırılmasına, onların hüquq və məsuliyyətləri barədə məlumatlılığının artırılmasına töhfə verməkdir.

Tədbirdə kitaba həsr olunmuş videoçarx nümayiş etdirilib.

Təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, kitabın müəllifi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Abil Bayramov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin sədri Nərgiz Babayeva, eləcə də dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, komitə uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsizliyinin təmin edilməsi və hüquqi maarifləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. O qeyd edib ki, hüquq anlayışı yalnız qanunvericilikdə əks olunan normalarla məhdudlaşmır. Hüquqa hörmət və hüquqi dəyərlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməli, ilk növbədə isə uşaqlara aşılanmalıdır. Bu baxımdan uşaqların yaş xüsusiyyətlərinə uyğun hazırlanmış maarifləndirici nəşrlər onların hüquq və vəzifələri barədə düzgün təsəvvür formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Kitabın müəllifi Abil Bayramov deyib ki, nəşrin hazırlanmasında əsas məqsəd uşaqlarda hüquqi təfəkkürün formalaşdırılması, onlara hüquqi biliklərin və ümumbəşəri dəyərlərin aşılanmasıdır.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında vurğulayıb ki, hüquqi dövlət quruculuğunun əsas şərtlərindən biri hüquq mədəniyyətinin erkən yaşlardan formalaşdırılmasıdır. O qeyd edib ki, uşaqların hüquqi maarifləndirilməsinə xidmət edən belə nəşrlər və layihələr dövlət, ailə və cəmiyyət arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, hüquqi biliklərin genişləndirilməsinə və gələcək nəslin sağlam mənəvi dəyərlər əsasında yetişdirilməsinə mühüm töhfə verir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva çıxışında "Uşaqlar və hüquq" kitabını yüksək qiymətləndirərək diqqətə çatdırıb ki, nəşr uşaqların yaş xüsusiyyətləri və dünyagörüşü nəzərə alınmaqla hazırlanıb, hüquqi biliklərin sadə, anlaşıqlı və maraqlı formada çatdırılmasına xidmət edir. Bu baxımdan kitab həm uşaqlar, həm də valideynlər və müəllimlər üçün faydalı maarifləndirici vəsaitdir. Aygün Əliyeva vurğulayıb ki, bu cür nəşrlər uşaqların gündəlik həyatda qarşılaşdıqları vəziyyətləri daha düzgün qiymətləndirmələrinə və hüquqi biliklərini praktik müstəvidə tətbiq etmələrinə kömək edir.

Tədbirdə uşaqların hüquqi maarifləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, nəşrin Prezident Kitabxanasının fonduna daxil edilməsi geniş oxucu auditoriyasının bu faydalı vəsaitdən yararlanmasına imkan yaradacaq.

Sonda “Uşaqlar və Hüquq” kitabı Prezident Kitabxanasına təqdim olunub.