Dünən Çinin Taypey şəhərində açılan multimedia sərgisində ölkənin ən məşhur rəsmlərindən biri olan "Bütün Ruhlar Günündə çay boyu"nun rəqəmsallaşdırılmış və animasiya edilmiş versiyası nümayiş etdirilib. Müasir rəqəmsal texnologiyalar ziyarətçilərə 900 ildən çox əvvəl Çin şəhərinin gündəlik həyatına qərq olmağa imkan verib.
Hafta.az-ın Xinhua-ya istinadən yazdığına görə, orijinal rəsm Şimal Sonq sülaləsinin (960 - 1127-ci illər) məşhur saray rəssamı Zhang Zeduanın fırçasına aid olan uzunluğu 528,7 sm və eni 24,8 sm olan tumardır. Qədim Çin rəsminin bu şah əsəri sülalənin səs-küylü bahar paytaxtı Bianlianqı (müasir Kayfeng, Henan əyaləti) təsvir edir. Beləliklə, onu ənənəvi Çinin vizual simvolu adlandırmaq olar.
Rəqəmsal animasiya və proyeksiya texnologiyalarından istifadə sayəsində tamaşaçılar şəkildə 1068 yeriyən fiqurları, küləkdə yellənən ağacların budaq və yarpaqlarını, yollarda çapan at və eşşəkləri görə bilirlər.
"Sərgiyə gələn ziyarətçilər bu rəsmə baxaraq, qədim Çinin ədəbiyyatı, incəsənəti, memarlığı, coğrafi xüsusiyyətləri, hətta hərbi quruluşu haqqında daha çox məlumat əldə edə biləcəklər", - deyib sərginin təşkilatçıları.
"Ümid edirik ki, mümkün qədər çox yerli insan, xüsusən də gənclər bu şah əsər haqqında məlumat əldə edəcəklər", - məlumatda qeyd olunub.
Multimedia şousu ilə yanaşı, ziyarətçilərə Song sülaləsi dövründə xalqın iqtisadi, elmi və mədəni nailiyyətləri və həyatı ilə tanışlıq üçün digər mədəni tədbirlər də təşkil olunacaq.