II Dünya Müharibəsinin başlamasından 83 il ötür

11:40 01.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Düz 83 il əvvəl – 1939-cu il sentyabrın 1-də II Dünya Müharibəsi - bəşəriyyət tarixinin ən dəhşətli münaqişəsi başladı. Məhz bu gün Almaniya ordusu qərbdən və şimaldan, eyni zamanda Slovakiya ilə birlikdə cənubdan Polşa torpaqlarına hücum edib. Məlumata görə, Reyxin silahlı qüvvələri təxminən 10 min minaatan və haubitsa, 2700-dən çox tank və 1300 təyyarə ilə təchiz edilmiş 1,6 milyondan çox əsgərdən ibarət olub.

Təbii ki, öz dövrünə görə Polşa ordusu da zəif deyildi, amma potensial fərqinə görə alman ordusundan çox zəif idi. Müharibə başlayandan sonra natamam səfərbərlik keçirən Polşa 1 milyona yaxın əsgəri təchiz edə bilib. Polşa ordusunun ixtiyarında 4300 minaatan və haubitsa, 880-ə yaxın tank və zirehli texnika, 400 hərbi təyyarə var idi.

Müharibənin ilk anlarından Polşa müqavilə öhdəliklərini yerinə yetirdi - müttəfiqlərindən hərbi əməliyyata başlayacaqlarına əmin olaraq düşmənə güclü müqavimət göstərdi. 1939-cu ilin sentyabrında polyaklar yalnız birgə, koalisiya səylərinin almanlara qarşı mübarizələrində strateji vəziyyəti dəyişdirə biləcəyini tam dərk etdikləri halda, yenə də döyüşürlər. Nəhayət, Polşanın alman təcavüzünə qarşı inadkar müqaviməti ANTANTA dövlətlərini aydın addımlar atmağa məcbur edir.

Hitler Qərbin ultimatumunu rədd etdikdən sonra Fransa və Böyük Britaniya sentyabrın 3-də Almaniya Reyxinə rəsmən müharibə elan edirlər. Bunun ardınca Yeni Zelandiya və Avstraliya da eyni addımı atır. Proseslərin sonrakı inkişafından asılı olmayaraq, bu, Hitlerin ilk uğursuzluğu idi. Çünki o, Polşanın işğalını yerli, ikitərəfli münaqişə səviyyəsində saxlaya bilmir, müharibə beynəlxalq səviyyəyə yüksəlir.

Bir az da Hitlerin Polşanın işğalı üçün hazırladığı plan barədə söz açaq. Ümumiyyətlə, nasist Almaniyasının Polşaya hücum əməliyyatı 1939-cu ilin aprel-iyun aylarında hazırlanmış “Vays” planına (“Ağ plan”) əsaslanırdı. Plan müharibə elan etmədən, Almaniyanın Fransa və Benilüks ölkələri ilə sərhədlərində yerləşdirilmiş qoşunların zəiflədilməsi hesabına maksimum qüvvə ilə sürətli hücum əməliyyatlarının başladılmasını nəzərdə tuturdu. Plana əsasən alman qoşunlarının Polşa ərazisinə qəfil girməsi Polşa ordusunun mütəşəkkil səfərbərliyini və vahid cəbhədə birləşməsini əngəlləməli idi.

Yuxarıda da qeyd etdiyimiz kimi, üç istiqamətdən hücuma keçən Almaniyanın niyyətinə görə, Polşaya əsas zərbə qərb sərhədlərindən vurulmalı idi. Eyni zamanda, almanlar şimaldan, eləcə də cənubdan - Slovakiya ərazisindən alman-slovak birliyi hücuma keçəcəkdi. Hücumun hər üç istiqaməti Visla çayının qərbində Polşa ordusunun mühasirəyə alınmasına və Varşavanın nəzarətə götürülməsinə hesablanmışdı.

Belə də olur: sentyabrın 1-də, səhər saat 4:30-da, Almaniya Hərbi Hava Qüvvələri Polşanın hava limanlarına kütləvi zərbələr endirdilər, saat 4:45-də “Şlezviq-Holşteyn” zirehli gəmisinin Polşanın Dansiq şəhəri yaxınlığındakı Vesterplatte hərbi-dəniz bazasına atəş açması ilə Vesterplattenin yeddi günlük müdafiəsinə start verilir.

Fransa və İngiltərənin, Avstraliya və Yeni Zelandiyanın hərbi dəstək verməsinə baxmayaraq, alman ordusu qarşısında duruş gətirə bilməyən Polşa hökuməti sentyabrın 17-də Rumıniyaya qaçır. Elə həmin gün SSRİ qoşunları Qərbi Belarus və Qərbi Ukraynanı SSRİ-yə birləşdirmək məqsədi ilə Polşa ərazisinə girir. Beləliklə, oktyabrın 6-da Polşa ordusunun son hissələri də təslim olur.

Ordu təslim olduqdan sonra Polşa ərazisi Almaniya ilə Sovet İttifaqı arasında ikiyə bölünür. Bəzi ərazilər isə Litva və Slovakiyaya verilir.

Amma bütün bunlar polşalıları ruhdan salmır, onlar partizan hərəkatında və digər formalarda sonadək yadellilərlə mübarizə aparırlar və nəticə olaraq, Polşa dövləti və xalqı bu gün də müstəqil və azad şəkildə dünya birliyinin bir parçası olaraq yaşayır.