İcra hakimiyyətləri ləğv edilsin, edilməsin? - Tərsmütənasib

11:04 09.02.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında imzaladığı fərman ölkə ictmaiyyəti tərəfindən maraqla qarşılanıb. Belə hesab olunur ki, işğaldan azad edilmiş ərazilərdə təsis edilən xüsusi nümayəndəliklər icra hakimiyyətlərinin ləğvi prosesinə apara bilər.

ALDP sədri Fuad Əliyev

Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri də içra hakimiyyətlərinin ləğv olunmasıdır. İcra hakimiyyətləri ləğv olunandan sonra onun funksiyaları bələdiyyələrə verilməlidir.   

Təəssüf ki, bizdə qanunda bələdiyyələrə status verilsə də, reallıqda heç bir səlahiyyətləri yoxdur. Dünyada isə bələdiyyələrin statusu yüksəkdir. Onların öz məktəbəri, nəqliyyatı var və aid olduqları ərazilərdə əhalinin bütün kommunal ehtiyaclarını -su, qaz, işıq, yol, torpaq və sair məsələlərin təminatı ilə məşğuldurlar. Yığılan vergidən bələdiyyənin büdcəsi təşkil olunur ki,  o da əhalinin problemlərinin həlli üçün xərclənir.

İcra hakimiyyətlərinin qalması həm də korrupsiyaya gedən yolun açıq olmasıdır.

Məlumdur ki, ölkə başçısı hər il 1-2 dəfə müəyyən rayonlara maliyyə ayırır və bu, birbaşa icra hakimiyyətinin balansına gedir.  İcra hakimiyyətinin başçısı bu pulları istədiyi sahəyə yönəldir. Təsəvvür edin ki, hər rayona ayrılan 5 milyondan 3 milyonu müəyyən sahələrə sərf edilsə də, qalanı hansısa vasitələrlə icra başçısının cibinə gedir.

Partiya olaraq icra hakimiyyətlərinin ləğvi və dövlət başçısının respublika üzrə 7-8 xüsusi nümayəndəliyinin təsis olunması ilə bağlı təkliflərlə çıxış etmişik. Bu model idarəçilik üçün daha rahat olacaq.

Biz dəfələrlə prezidentin icra hakimiyyətləri ilə bağlı narazılığını və icra hakimlərini şəffaf işləməyə dəfət etməsi məqamlarını müşahidə etmişik. Hesab edirik ki, icra hakimiyyətlərinin ləğvi, həm də korrupsiyanın qarşısını alacaq.  Birincisi, icra hakimiyyətlərində lazımsız strukturlara ehtiyac olmayacaq. Onlara ayrılan vəsait büdcədə qalacaq.

millət vəkili Fazil Mustafa

İndi İcra hakimiyyətlərinin ləğv olunmasına heç bir hacət yoxdur. Bütövlükdə daha çox bələdiyyəni gücləndirmək lazımdır. Bizdə bələdiyyə ölü vəziyyətdədir. Ona görə də indiki şəraitdə icra hakimiyyətlərinin zəiflədilməsi tam idarəsizlik demək olar.  Xüsusi nümayəndənin təyin olunması isə tam başqa bir modeldir.  Bu işğaldan azad olunmuş ərazilərin spesifikasına uyğun olaraq  yaradılıb. Ona görə bu məsələdə eyniləşdirmə aparmaq doğru deyil.  Təbii ki, onlar icra hakimiyyətlərinin funksiyalarından daha geniş səlahiyyətlərə malik olurlar.  İcra hkimiyyətlərinin səlahiyyətləri bir qədər məhduddur.

Əslində İcra hakimiyyətlərinin səlahiyyətləri məhz bələdiyyələrə verilməlidir, çünki bu gün bələdiyyələr formal olaraq sənədə qol çəkirlər amma,  real güc icra hakimiyyətlərindədir. Torpaq və başqa məsələlər, əslində bələdiyələrin səlahiyətindədir. Amma bələdiyyələrin imzası ilə verilən sənədin heç bir dəyəri olmur. Bələdiyyə hüquqsuz qurumdur, onu canlandırmaq lazımdır. Bizdə idarəetmə modeli dünya modelindən fərqli olaraq anlaşılmazdır. Bu boyda Bakı şəhərində bələdiyyə qurumu yoxdur. Xüsusi nümayəndəliklərin yaranması icra hakimiyyətlərinin ləğvinə doğru ilkin addım olsa da, hələ ki, bunun gerçəkləşməsi mümkün deyil.