Azərbaycan-Rusiya təhsil əməkdaşlığı: 15 magistr diplom alıb

20:16 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Rusiya arasında təhsil sahəsində əməkdaşlıq daha bir mühüm nəticə verib. Rusiya paytaxtında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) ilə Azərbaycan İdman Akademiyasının birgə həyata keçirdiyi beynəlxalq magistr proqramının növbəti məzunlarına diplomlar təqdim olunub.

Hafta.az xəbər verir ki, proqram idman menecmenti sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını hədəfləyir.

Tədbirdə “İdman menecmenti” ixtisası üzrə ikili diplom proqramının növbəti məzunlarına diplomlar təqdim olunub. Diplomları məzunlara Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov və Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev şəxsən təqdim ediblər.

MDBMİ-nin Biznes Məktəbinin direktoru Anjelika Mirzoyeva məzunları təbrik edərək bildirib ki, onlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə Azərbaycan İdman Akademiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən ikiillik təhsil proqramını uğurla başa vurublar. Onun sözlərinə görə, son iki il ərzində tələbələr Bakıda Azərbaycan İdman Akademiyasında təhsil alıblar. Bundan əlavə, proqram çərçivəsində Soçidə səyyar tədris modulları təşkil olunub.

Fuad Hacıyev bildirib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən ikili diplomların təqdimat mərasimi Akademiya üçün qürurverici hadisədir. “Bu ali məktəb Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır, çünki Prezident İlham Əliyev burada təhsil alıb və universitetin fəxri doktorudur. Bu gün təkcə magistr tələbələri deyil, Azərbaycan İdman Akademiyası da öz uğur tarixini yazır”, - deyə rektor vurğulayıb.

O qeyd ki, Akademiyanın “İdman menecmenti” magistr proqramı beynəlxalq standartlara cavab verir və dünyanın qabaqcıl universitetləri tərəfindən qəbul olunaraq ikili diplom layihələri çərçivəsində həyata keçirilir.

İkili diplom proqramının məzunları müəllimlərə və proqramın təşkilatçılarına təşəkkürlərini bildirərək, gələcək fəaliyyətlərində idman sahəsinin inkişafına töhfə vermək üçün səylə çalışacaqlarını vurğulayıblar.

Qeyd edək ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə Azərbaycan İdman Akademiyası arasında əməkdaşlıq haqqında saziş 2022-ci ildə imzalanıb. Proqram tələbələrə hər iki ali məktəbin tədris imkanlarından yararlanmaq, beynəlxalq standartlara uyğun təhsil almaq və ikili diplom əldə etmək imkanı yaradır. Bu il proqramın növbəti buraxılışı baş tutub və ümumilikdə 15 magistr məzun diplom alıb.