Şahzadə Harri məhkəmədə uduzub

21:47 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şahzadə Harri və daha altı iddiaçı “Daily Mail” və “Mail on Sunday” qəzetlərinin naşiri olan “Associated Newspapers” şirkətinə qarşı qaldırdıqları şəxsi həyata müdaxilə ilə bağlı işi uduzublar.

Hafta.az xəbər verir ki, hakim qərarında bildirib: “İddiaçılar qanunsuz məlumattoplama ilə bağlı irəli sürdükləri ittihamları sübut etmək üçün kifayət qədər dəlil təqdim edə bilməyiblər”.

Şahzadə Harri və digər tanınmış şəxslər iddia edirdilər ki, qəzetlər xəbərlərin hazırlanması zamanı qanunsuz üsullarla şəxsi məlumatlar əldə edib. “Associated Newspapers” isə bu ittihamları qəti şəkildə rədd edirdi. Məhkəmə qərarında qeyd olunub ki, bu cür ciddi ittihamların sübuta yetirilməsi üçün şübhələr deyil, inandırıcı və konkret dəlillər tələb olunur. Hakim vurğulayıb ki, iddiaçılar məlumatların qanunsuz yollarla əldə edildiyini hüquqi baxımdan sübut edə bilməyiblər.

Qərarda, həmçinin bildirilir ki, “Associated Newspapers”in jurnalistləri mübahisəli yazılarda istifadə olunan məlumatların əldə edilməsinə dair qanuni izahatlar veriblər. Məhkəmə şirkətin keçmiş redaktorları, eləcə də hazırkı baş hüquq müşavirinin əvvəlki ifadələrində yalan danışdıqlarının da sübuta yetirilmədiyi qənaətinə gəlib.

“Associated Newspapers”in nümayəndəsi məhkəmə qərarını “Daily Mail” və onun jurnalistləri üçün tam qələbə kimi qiymətləndirib.