"Vestri"nin baş məşqçisi: Güclü komandaya qarşı oynayacağıq

18:20 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ" İslandiyanın "Vestri" klubu ilə qarşılaşacaq.

Hafta.az xəbər verir ki, "Vestri" klubunun baş məşqçisi Daniel Osafo-Badu matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Bu, çox həyəcanvericidir. Belə güclü komandaya qarşı oynayacağıq. Komandam üçün çətin matç olacaq. Lakin biz öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik".

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablayıb.

- "Qarabağ"da ötən mövsümlə müqayisədə dəyişikliklər baş verib. Hazırlıq prosesində bunu nəzərə almısınızmı?

- Oyunçular dəyişib, lakin baş məşqçi eynidir. Əminəm ki, yeni transferlər də məşqçinin tələblərinə tez uyğunlaşacaqlar. Oyun planında isə heç nə dəyişməyib. Çempionlar Liqasında gördüyümüz həmin komandadır.

- Püşkatmadan əvvəl bu komandanı tanıyırdınız?

- "Qarabağ"ın Çempionlar Liqasındakı bəzi oyunlarını izləmişəm. Onlar barədə əvvəlcədən də məlumatlı idim.

- Püşkatmadan sonra futbolçularınız rəqibin "Qarabağ" olmasına sevinirdilər. Bu, nə ilə bağlı idi?

- Azərbaycan çox gözəl ölkədir. Futbolçularım belə bir komanda ilə oynayacaqları üçün çox həyəcanlı idilər. Bu, bizim qarşılaşa biləcəyimiz ən güclü rəqibdir.

- Bəs hansı üstünlükləriniz hesabına növbəti mərhələyə adlaya bilərsiniz?

- Planlarımı açıqlamaq istəmirəm. "Qarabağ" topla aktiv oynayır, hücum edir və texnikalıdır. Bəlkə də, biz daha çox əks-hücumlarda çıxış edəcəyik. Qısaca olaraq yalnız bunu deyə bilərəm.