Raketkalar, günəş, Sea Breeze: Azərbaycanda beynəlxalq padel turniri başa çatdı

14:58 08.07.2026 Müəllif:Ayəndə Dadaşova
Yazını böyüt
Yazını kiçilt

İyulun 1-dən 5-dək Sea Breeze Sport Beach Club-ın kortlarında FIP Bronze Baku II beynəlxalq padel turniri keçirilib. Yarışlarda İspaniya, Portuqaliya, Azərbaycan, Argentina, Niderland, Meksika, Fransa və digər ölkələr də daxil olmaqla 20 ölkədən 170 idmançı iştirak edib.

Hafta.az xəbər verir ki, turnir Azərbaycan Tennis və Padel Federasiyasının, Crocus Fitness fitnes klubları şəbəkəsinin və Sea Breeze şəhər-kurortunun dəstəyi ilə təşkil olunub. Sea Breeze Sport Beach Club-ın dənizkənarı kortları bir neçə gün ərzində maraqlı qarşılaşmalara, yüksək səviyyəli beynəlxalq rəqabətə və dünya səviyyəli idmançıların mübarizəsinə ev sahibliyi edib.

Qadınlar arasında keçirilən yarışın qalibləri İspaniyadan Barbara Las Eras və Rusiyadan Darya Kuçeryavaya olublar. İkinci yeri Fransanı təmsil edən Steffi Mera və Portuqaliyadan Konstansa Goritu tutublar.

Kişilər arasında isə çempionluğu İspaniya təmsilçiləri Qonsalo Rubio və İqnasio Vilarinyo Qestoso qazanıblar. Gümüş medallara İtaliyadan Xuan Pablo Dametto və İsveçdən Filip Kalleha layiq görülüblər.

Turnir Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun, Azərbaycan Tennis və Padel Federasiyasının prezidenti Anar Ənvərlinin, həmçinin turnirin sponsor və tərəfdaşlarının dəstəyi ilə baş tutub. Təşkilatçılar turnirin keçirilməsinə verdiyi mühüm töhfəyə görə Azərbaycan Tennis və Padel Federasiyasının birinci vitse-prezidenti Əliağa Fətullayevə, vitse-prezidenti Amal Əliliyə, eləcə də FIP Bronze Baku II turnirinin direktoru və Federasiyanın vitse-prezidenti Orxan Manaflıya xüsusi təşəkkürlərini bildiriblər.

FIP Bronze Baku II beynəlxalq padel təqvimində diqqətçəkən idman hadisələrindən biri kimi yadda qalıb və Sea Breeze Sport Beach Club-ın iri beynəlxalq turnirlərin keçirilməsi üçün müasir idman məkanı statusunu bir daha təsdiqləyib.