"Rəqəmsal inkişafda QHT və vətəndaş cəmiyyətinin rolu artırılmalıdır"

12:38 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Son illər Azərbaycanda rəqəmsal transformasiya istiqamətində mühüm konseptual sənədlər qəbul olunur. Bunlar rəqəmsal maliyyə, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və ümumilikdə rəqəmsal sektorun inkişafını əhatə edən strateji sənədlərdir. Rəqəmsal transformasiya konsepsiyası, rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt strategiyası, eləcə də informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qəbul olunan sənədlər bu istiqamətdə həyata keçirilən sistemli siyasətin tərkib hissəsidir".

Hafta.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə qəbul olunan son mühüm qərarlardan biri də Rəqəmsal İnkişaf Şurasının yaradılmasıdır:

“Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə fəaliyyət göstərəcək Rəqəmsal İnkişaf Şurasının yaradılmasının əsas məqsədi bu sahədə qəbul edilmiş strategiyaların və fəaliyyət planlarının icrası üzrə koordinasiyanı daha da gücləndirmək, dövlət qurumları arasında əməkdaşlığı təmin etmək və qərarların daha operativ, səmərəli şəkildə həyata keçirilməsinə nail olmaqdır. Eyni zamanda, bu mexanizm ayrılan resurslardan daha səmərəli istifadə olunmasına da imkan yaradacaq”.

İnternet Forumunun prezidenti qeyd edib ki, rəqəmsal transformasiya prosesinin bütün yükünü yalnız dövlət qurumlarının üzərinə qoymaq düzgün yanaşma deyil. Dünyanın heç bir ölkəsində rəqəmsal transformasiya yalnız hökumətin fəaliyyəti hesabına həyata keçirilmir. Bu prosesdə biznes sektorunun, akademik dairələrin, vətəndaş cəmiyyətinin və qeyri-hökumət təşkilatlarının da mühüm rolu var:

“Rəqəmsal inkişaf yalnız bütün maraqlı tərəflərin birgə fəaliyyəti nəticəsində uğur qazana bilər. QHT-lər rəqəmsal xidmətlərin və elektron xidmətlərin keyfiyyəti, əlçatanlığı və səmərəliliyi ilə bağlı monitorinqlər apara, ictimai sorğular təşkil edə bilərlər. Bu sorğular vasitəsilə vətəndaşların elektron xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları problemlər müəyyən edilə və aidiyyəti qurumlara təqdim oluna bilər. Bu da rəqəmsal xidmətlərin daha da təkmilləşdirilməsinə töhfə verəcək”.

O.Gündüz hesab edir ki, vətəndaş cəmiyyətinin digər mühüm missiyalarından biri də maarifləndirmə fəaliyyətidir. Qeyri-hökumət təşkilatları rəqəmsal savadlılığın artırılması, vətəndaşların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal transformasiya ideyasının daha geniş auditoriyaya çatdırılması istiqamətində mühüm rol oynaya bilərlər. Bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi rəqəmsal xidmətlərdən istifadənin keyfiyyətinə də müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları monitorinqlər aparmaq, ictimai nəzarəti həyata keçirmək və maarifləndirmə tədbirlərini genişləndirməklə bu sahənin inkişafına ciddi töhfə verə bilərlər:

“Hesab edirəm ki, dövlət, biznes, akademik mühit və vətəndaş cəmiyyətinin koordinasiyalı fəaliyyəti rəqəmsal transformasiya prosesinin daha keyfiyyətli və dayanıqlı şəkildə həyata keçirilməsini təmin edəcək”.