Ümumdünya Allergiya ilə Mübarizə Günü 2005-ci ildən etibarən hər il iyulun 8-də qeyd olunur.
Hafta.az xəbər verir ki, Ümumdünya Allergiya Təşkilatının və Ümumdünya İmmunopatologiya Təşkilatının qərarı ilə qeyd edilən bu günün məqsədi allergiyanın əlamətləri, qarşısının alınması və müalicəsi barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Allergiya orqanizmin ətraf mühitdə olan bəzi amillərə – allergenlərə qarşı həssaslığının artması nəticəsində yaranan vəziyyətdir. Bu həssaslıq həmin maddələrlə təkrar təmas zamanı inkişaf edir. Allergenlərə küçə, ev və kitab tozu, heyvan tükləri, bitki tozcuqları, dərman vasitələri, qida məhsulları, xüsusilə yumurta, süd, buğda, soya, dəniz məhsulları, qoz, fındıq, meyvələr, məişət kimyəvi maddələri, həşərat sancmaları, kif, lateks, ev heyvanları və onların həyat fəaliyyəti məhsulları və s. daxildir.
“Allergiya” anlayışı tibbi terminologiyaya 1906-cı ildə daxil edilib. Həmin terminin müəllifi avstriyalı pediatr Klemens peter Frayqer von Pirke hesab olunur. Lakin allergiyanın tarixi daha qədim dövrlərə gedib çıxır. Hələ qədim Misirdə müasir dövrdə allergiyanın klinik əlamətləri kimi qiymətləndirilən simptomlar təsvir edilib. Bununla belə, tibb elmi bu xəstəliyi yalnız XIX əsrdə - sənayenin sürətli inkişafı və bununla əlaqədar ətraf mühitin çirklənməsi dövründə öyrənməyə başlayıb, allergiyanın mahiyyəti isə yalnız XX əsrin sonlarında tam aydınlaşıb. Ekoloji tarazlığın pozulması artdıqca allergiyanın yayılması da daha geniş miqyas alıb.
Hazırda allergiya dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Yer kürəsi əhalisinin təxminən 40 faizi allergiyadan əziyyət çəkir və bu göstərici həm uşaqlar, həm də böyüklər arasında artmaqda davam edir. Böyük şəhərlərdə isə əhalinin 30–60 faizi müxtəlif allergik xəstəliklərə məruz qalır və həmin göstərici ildən-ilə artır. Bundan əlavə, allergiya bronxial astma kimi bir sıra xroniki xəstəliklərin yaranmasına səbəb olur, ciddi tibbi, sosial və iqtisadi problem hesab edilir.
Allergiyanın inkişafına təsir göstərən əsas amillər arasında ətraf mühitin çirklənməsi, psixoloji gərginlik, iqlim dəyişikliyi, keyfiyyətsiz qidalar və dərman vasitələrinin nəzarətsiz istifadəsi xüsusi yer tutur. Bununla yanaşı, allergiyaya meyillilik əsasən genetik xüsusiyyətlərlə bağlıdır. İnsan allergik reaksiyalara meyilliliyi müəyyən edən genləri irsi olaraq əldə edir. Çox vaxt allergiya erkən uşaqlıq dövründə qida məhsullarına qarşı yüksək həssaslıq şəklində özünü göstərir.
Allergik reaksiyalar onların təsir etdiyi orqan və sistemlərə görə tənəffüs yolları, dəri və göz allergiyaları kimi qruplaşdırılır. Eyni zamanda, yaranma səbəblərinə görə də müxtəlif allergiya növləri mövcuddur. Allergiyanın əlamətləri selikli qişaların qıcıqlanması, dəri səpkiləri, ödem, ekzema, uzunmüddətli burun axması və ya öskürək, tənəffüs çətinliyi, ümumi halsızlıq və digər simptomlarla özünü göstərə bilər. Belə əlamətlər müşahidə olunduqda terapevt və ya allerqoloqa müraciət etmək tövsiyə olunur.
Allergiya və ya ona meyillilik olan şəxslərin ağırlaşmaların qarşısını almaq üçün müəyyən qaydalara əməl etmələri vacibdir. Ən əsas qayda allergenlərlə təmasdan mümkün qədər uzaq durmaqdır. Çünki allergiya təkrar təmas zamanı daha ağır reaksiyalar törətmək xüsusiyyətinə malikdir.
Təəssüf ki, insanların əksəriyyəti bu xəstəliyə kifayət qədər ciddi yanaşmır. Bir çoxları isə allergiyanın əlamətlərini başqa xəstəliklərlə əlaqələndirərək xəstə olduqlarını belə anlamırlar. Allergiya haqqında məlumatın və maarifləndirmənin kifayət qədər olmaması bəzən düzgün diaqnozun və vaxtında müalicənin gecikməsinə, bəzən isə həyat üçün təhlükəli ağırlaşmaların yaranmasına səbəb olur.
ÜST-nin proqnozlarına görə, XXI əsr “allergiya əsri”dir. Buna görə də Ümumdünya Allergiya ilə Mübarizə Gününün qeyd olunması bu xəstəlik barədə biliklərin geniş yayılmasına, onun ciddiliyinin dərk edilməsinə, profilaktika və müasir diaqnostika-müalicə tədbirlərinin əhəmiyyətinin artırılmasına xidmət edir.