"Son günlər Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrinin yenidən zərbələrə məruz qalması təkcə hərbi əməliyyatların fonunda baş verən adi hadisə kimi deyil, həm də geosiyasi kontekstdə diqqətlə təhlil edilməlidir. Müharibə şəraitində enerji infrastrukturu əsas hədəflərdən biri olsa da, eyni şirkətin obyektlərinin təkrar-təkrar zərər görməsi müxtəlif ehtimalları gündəmə gətirir. Bu baxımdan hadisəyə yalnız hərbi deyil, siyasi və diplomatik prizmadan da yanaşmaq zəruridir. Əgər söhbət müntəzəm şəkildə SOCAR obyektlərinin hədəfə alınmasından gedirsə, bunun tamamilə təsadüf olduğunu iddia etmək çətindir. Bununla belə, konkret siyasi niyyət barədə qəti nəticəyə gəlmək üçün açıq və yoxlanılmış sübutlar tələb olunur. Müharibə dövründə bir çox enerji obyektləri zərbələrə məruz qalır, lakin Azərbaycanın dövlət enerji şirkətinin aktivlərinin təkrar hədəf olması istər-istəməz Bakıda və beynəlxalq ekspert dairələrində əlavə suallar yaradır."
Bu fikirləri Hafta.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
O qeyd edib ki, Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. SOCAR isə təkcə iqtisadi şirkət deyil, Azərbaycanın beynəlxalq enerji strategiyasının mühüm simvollarından biridir.
B.Quliyev bildirib ki, belə bir şirkətin xaricdəki obyektlərinə yönələn hücumlar istənilən halda siyasi rezonans doğurur və dövlətlərarası münasibətlərin fonunda qiymətləndirilir:
"Bu hadisə Azərbaycan-Rusiya münasibətlərində son dövrdə müşahidə olunan gərginliyin ümumi mənzərəsindən ayrıca qiymətləndirilə bilməz. İkitərəfli münasibətlərdə müxtəlif səbəblərdən yaranan narazılıqlar, qarşılıqlı sərt bəyanatlar və diplomatik gərginlik fonunda belə hadisələr etimad mühitinə mənfi təsir göstərir. Hərçənd hər konkret hadisənin məsuliyyəti ayrıca araşdırılmalıdır və siyasi nəticələr yalnız təsdiqlənmiş faktlara əsaslanmalıdır.
Hesab edirəm ki, Kremlin mümkün mesajları ilə bağlı müxtəlif ehtimallar irəli sürmək olar. Bunlardan biri Rusiyanın region dövlətlərinə geosiyasi proseslərdə öz maraqlarını nəzərə almağın vacibliyini nümayiş etdirmək istəyi ola bilər. Digər ehtimala görə, enerji infrastrukturu üzərində təzyiq imkanlarının nümayiş etdirilməsi strateji siqnal xarakteri daşıya bilər. Lakin bunlar analitik ehtimallardır və rəsmi şəkildə təsdiqlənmiş fakt kimi təqdim edilə bilməz. Düşünürəm ki, Azərbaycanın diplomatik nota verməsi və etirazını beynəlxalq hüquq çərçivəsində ifadə etməsi tamamilə normal və legitim addımdır. Dövlət öz şirkətlərinin, iqtisadi maraqlarının və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün diplomatik mexanizmlərdən istifadə etməlidir. Bu cür addımlar gələcəkdə oxşar hadisələrin araşdırılması və qarşısının alınması üçün hüquqi-siyasi zəmin yarada bilər. Eyni zamanda, dialoq kanallarının açıq saxlanılması da vacibdir. Çünki Cənubi Qafqazda sabitlik həm Azərbaycan, həm Rusiya, həm də bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır".
Ekspert vurğulayıb ki, bu gün Azərbaycanın mövqeyi kifayət qədər aydındır ki, ölkə beynəlxalq hüquqa, qarşılıqlı hörmət prinsipinə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin tərəfdarıdır. Heç bir təzyiq və ya gərginlik Azərbaycanın milli maraqlarını müdafiə etmək əzmini dəyişə bilməz:
"Eyni zamanda, rəsmi Bakı hadisələrin emosiyalarla deyil, faktlarla qiymətləndirilməsinin, bütün mübahisələrin diplomatik və hüquqi müstəvidə həllinin tərəfdarı olduğunu nümayiş etdirir. Məhz bu yanaşma Azərbaycanın məsuliyyətli və prinsipial xarici siyasət kursunun əsas göstəricilərindən biridir. Onu da qeyd edək ki, Azərbaycan qonşuluq və regional siyasətdə balansı qorumağı bacarır və sözsüz milli maraqlara söykənərək".