SOCAR-a məxsus obyektlərin vurulması Azərbaycan-Rusiya münasibətlərində gərginliyi dərinləşdirə bilər - Rəy

14:00 07.07.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya-Ukrayna müharibəsinin yeni mərhələsində enerji infrastrukturu əsas hədəflərdən birinə çevrilib. Son günlər Ukrayna ərazisində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaq doldurma məntəqələrinin və digər obyektlərin zərbələrə məruz qalması təkcə iqtisadi deyil, həm də siyasi və diplomatik müstəvidə müzakirələrə səbəb olub. Hadisə fonunda Azərbaycan-Rusiya münasibətlərinin gələcək perspektivi, bölgədə dəyişən geosiyasi balans və Moskvanın Cənubi Qafqaza yanaşması yenidən gündəmə gəlib.

Məsələni Hafta.az-a şərh edən Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, son hadisələr iki ölkə arasında diplomatik gərginliyin artdığını göstərən növbəti siqnallardandır. Onun fikrincə, baş verən proseslər təsadüfi deyil və bunun arxasında həm qlobal geosiyasi dəyişikliklər, həm də Rusiyanın Cənubi Qafqaz siyasətində yol verdiyi strateji yanlışlıqlar dayanır.

Ekspert bildirib ki, Rusiya uzun illər Cənubi Qafqazı öz təsir dairəsi kimi qəbul edib. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara söykənən müstəqil xarici siyasət kursu formalaşdırıb və bu siyasət ölkəyə mühüm uğurlar qazandırıb.

R.Hüseynovun sözlərinə görə, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər regionda tamamilə yeni geosiyasi reallıq yaradıb və beynəlxalq güclərin Cənubi Qafqaza baxışını dəyişdirib:

"Azərbaycanın qələbəsi təkcə ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi. Bu Zəfər regionda qüvvələr balansını dəyişdi və yeni siyasi reallıq formalaşdırdı. Təəssüf ki, Rusiya hələ də əvvəlki dominant mövqeyini qorumağa çalışır. Halbuki Cənubi Qafqaz artıq əvvəlki deyil və Moskva bu reallığı qəbul etməlidir. Hesab edirəm ki, Rusiyanın beynəlxalq arenada, xüsusilə Ukrayna müharibəsi fonunda üzləşdiyi problemlər onun region siyasətinə də təsir göstərir. Bu səbəbdən Moskvanın atdığı bəzi addımlar Azərbaycan tərəfindən prinsipial şəkildə qarşılanır və rəsmi Bakı milli maraqların qorunması istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycanın verdiyi diplomatik reaksiyalar və beynəlxalq hüquqa əsaslanan mövqeyi indiyədək konkret nəticələr verib. Azərbaycanın prinsipial mövqeyi nəticəsində Rusiya bəzi hadisələrlə bağlı məsuliyyətini etiraf etməyə, üzrxahlıq etməyə və kompensasiya ilə bağlı öhdəlik götürməyə məcbur olub. Bu, Azərbaycanın milli maraqlarını ardıcıl şəkildə müdafiə etdiyini göstərən mühüm diplomatik uğurdur."

R.Hüseynovun fikrincə, Ukraynada SOCAR-a məxsus obyektlərin zərbələrə məruz qalması da ümumi gərginlik fonunda qiymətləndirilməlidir. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində hər iki tərəf enerji və logistika infrastrukturunu hədəfə alır. Lakin belə hadisələr Azərbaycan-Rusiya münasibətlərinə də mənfi təsir göstərir və siyasi böhranı daha da dərinləşdirə bilər.

Ekspert hesab edir ki, mövcud vəziyyət hərbi qarşıdurma səviyyəsinə yüksəlməyəcək:

"Hazırkı mərhələdə Azərbaycanla Rusiya arasında hərbi toqquşma ehtimalını real hesab etmirəm. Lakin diplomatik və siyasi gərginliyin müəyyən müddət davam edəcəyi istisna deyil. İki ölkə arasında etimadın bərpası üçün qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əməl olunması vacibdir. Azərbaycan bu gün həm regional, həm də qlobal səviyyədə əvvəlkindən daha güclü mövqeyə malikdir. Vətən müharibəsindən sonra ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, Avropa, Qərb və digər tərəfdaşlarla strateji əməkdaşlıq genişlənib. Bu reallıq fonunda hər bir dövlət, o cümlədən Rusiya Azərbaycanla münasibətlərdə yeni geosiyasi vəziyyəti nəzərə almağa məcburdur. Azərbaycan milli maraqlarını qorumaq üçün kifayət qədər siyasi iradəyə və imkanlara malikdir. Bu gün ölkəmiz regionun aparıcı dövlətlərindən biri olmaqla yanaşı, beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi qəbul edilir. Buna görə də bölgədə yaranmış yeni reallıqların qəbul edilməsi artıq seçim deyil, zərurətdir."