Rusiya-Ukrayna müharibəsinin uzanması döyüş meydanından kənarda da yeni siyasi və diplomatik müzakirələr doğurmaqdadır. Xüsusilə üçüncü ölkələrə məxsus iqtisadi obyektlərin hərbi əməliyyatlar zamanı zərər görməsi beynəlxalq hüquq, dövlətlərin məsuliyyəti və regional təhlükəsizlik baxımından əlavə suallar yaradır. Ukraynanın Mikolayiv vilayətində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması və Azərbaycanın buna diplomatik reaksiya verməsi də bu kontekstdə diqqətlə təhlil olunur.
Məsələni Hafta.az-a şərh edən siyasi ekspert Azər Hüseynov hesab edir ki, yaranmış vəziyyətə emosional deyil, milli maraqlar və uzunmüddətli strateji hədəflər prizmasından yanaşmaq daha doğru olardı. Siyasi ekspert bildirib ki, ilk növbədə nəzərə almaq lazımdır ki, hazırda müharibə Rusiya ilə Ukrayna arasında gedir və bu şəraitdə Azərbaycana məxsus SOCAR şirkətinin obyektlərinin zərər görməsi məsələsinə son dərəcə diqqətlə və ehtiyatla yanaşılmalıdır.
Onun sözlərinə görə, əgər bu hadisənin arxasında Rusiyanın Azərbaycana hər hansı siyasi və ya strateji mesaj vermək niyyəti dayanırsa, rəsmi Bakı bunu müvafiq diplomatik kanallar vasitəsilə qarşı tərəfin diqqətinə çatdırmalı, belə addımların qəbuledilməz olduğunu açıq şəkildə ifadə etməlidir.
Azər Hüseynov hesab edir ki, yaranmış vəziyyət Azərbaycanın xarici siyasət kursunda təmkinli və balanslaşdırılmış yanaşmanın əhəmiyyətini bir daha ön plana çıxarır:
"Azərbaycan həm tərəfdaşlıq və müttəfiqlik əlaqələrini daha da gücləndirməli, həm də Rusiya daxilində, xüsusilə yumşaq güc (soft power) alətlərindən daha səmərəli istifadə etməlidir. Mədəni, humanitar, iqtisadi və ictimai əlaqələrin inkişaf etdirilməsi qarşılıqlı etimadın qorunmasına və gərginliyin azaldılmasına töhfə verə bilər. İstənilən mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycanın əsas üstünlüyü milli maraqlara söykənən praqmatik siyasət yürütməsindədir.
Hər bir halda, Azərbaycan emosional deyil, milli maraqlarına söykənən, adekvat, təmkinli və praqmatik siyasət yürütməlidir. Məhz bu yanaşma uzun illərdir ölkənin xarici siyasətinin əsas prinsiplərindən birini təşkil edir və mövcud vəziyyətdə də ən düzgün davranış modeli hesab olunmalıdır. Diplomatik çeviklik, strateji səbir və milli maraqların qətiyyətlə müdafiəsi Azərbaycanın bu kimi həssas məsələlərdə əsas fəaliyyət xətti olmalıdır".