“Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsinə START

13:43 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsinə başlayır.

Hafta.az xəbər verir ki, layihənin məqsədi gənclərin yol hərəkəti qaydaları üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, təhlükəsiz, məsuliyyətli və ekoloji davranış vərdişlərini formalaşdırmaq, həmçinin dayanıqlı şəhər mobilliyi və mikromobillik sahəsində maarifləndirməni gücləndirməkdir.

Layihə çərçivəsində iyulun 25-26-da Bakıda 50-yə yaxın gənc könüllü üçün təlimlər təşkil olunacaq. Təlimlər zamanı yol hərəkəti qaydaları, yol nişanları, təhlükəsiz hərəkət, ictimai davranış, ekoloji məsuliyyət, mikromobillik və dayanıqlı şəhər mobilliyi mövzularında interaktiv sessiyalar və praktiki məşğələlər keçiriləcək.

İştirakçılara velosipeddən təhlükəsiz istifadə qaydaları, velosiped zolaqlarının təyinatına uyğun istifadəsinin əhəmiyyəti barədə məlumat veriləcək. Eyni zamanda, tıxacların azaldılması, sağlam həyat tərzinin təşviqi və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi məqsədilə veloyürüş təşkil ediləcək.

Şəhər mühitində təhlükəsiz və məsuliyyətli davranış, velosiped zolaqlarından düzgün istifadə və ekoloji davranış qaydalarını əks etdirən maarifləndirici videoçarx da hazırlanacaq.

Yol təhlükəsizliyi, könüllülük, ekoloji məsuliyyət və dayanıqlı şəhər mobilliyi sahələrinə maraq göstərən 18-35 yaşlı gənclər layihədə iştirak üçün iyulun 20-si saat 18:00-dək link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərlər. Seçim nəticələri müraciət edənlərə e-mail və ya telefon vasitəsilə bildiriləcək.

Əlaqə vasitəsi: [email protected]