İldırım hadisələri niyə artıb?

15:19 26.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, iki gun öncə Gəncədə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində ildırım qaz xəttinə düşüb. Təbiət hadisəsi şəhərin Tağı Arani küçəsində qeydə alınıb. Qaz xəttinə bitişik ağac yanıb, qaz xəttinə ziyan dəyib, 1500 abonent qazsız qalıb.Tovuz rayonunun ərazisinə də ildırım düşüb və hadisə yanğına səbəb olub.

Ötən gün isə Gəncədə güclü şimşək, Sabirabadda güclü ildırım, Şəki, Tərtər, Mingəçevir, Ağdam, İmişli, Cəfərxan, Bərdə, Oğuz, Naftalan, Zaqatala, Balakən, Xınalıq, Altıağac, Qusaryasaq, Xaçmaz, Quba, Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, Kişçay (Şəki), Xınalıq, Şabran, Nabranda şimşək və göy gurultusu qeydə alınıb. Nəticədə bəzi bölgələrdə elektrik təsərrüfatına ziyan dəyib.

Baş verənlər göstərir ki, son illər bu il ölkəmizdə ildırım və şimşək çaxması halları artıb və Azərbaycanda ildırımvurma hallarının ən azı əvvəlki illərlə müqayisədə çox olduğunu görməmək də mümkün deyil.

Bəs, görəsən, ölkəmizdə ildırım və şimşək çaxması hallarının artmasına səbəb nədir? Bunu sadəcə təbiət hadisəsi kimi əlaqələndirmək olarmı?

Mövzunu hafta.az-a şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun əməkdaşı Həsən Nəbiyev deyib ki, ildırım adətən buludların elektrikləşməsi zamanı mümkün olur: “Topa yağış buludlarında bu proses çox intensivdir. Burada sahənin gərginliyi, potensial həddən artıq böyükdür. İldırımın uzunluğu bəzən bir neçə kilometrə çatır. İldırım adətən bir neçə kanaldan ibarət olur. Kanallar əyri və şaxələnmiş olurlar. İldırım kanallarını ona görə görmək mümkündür ki, orda həddən artıq qızmış hava çəhrayı-bənövşəyi rəngə qədər işıqlı olur. Bu kanallarda istilik adətən 25-30 min dərəcəyə çatır. İldırım saniyənin onda biri müddətində davam edir. İldırımın birinci boşalması "lider boşalma” adlanır. Bu boşalma növbəti güclü boşalmalar üçün ildırım kanalı yaradır. Həmin kanalda ən güclü ildırım baş verir. Sonrakı ildırımlar isə nisbətən zəif qeydə alınır”.

H.Nəbiyev bildirib ki, Azərbaycanda ildırım halları daha çox dağlıq ərazilərdə baş versə də, bu gün vəziyyət tamamilə dəyişib: “Əvvəl ildırım daha çox Şəki-Zaqatala, Gəncə-Qazax, Yuxarı Qarabağ, Quba-Xaçmazın dağlıq hissələrində baş verirdi. Düzənlikdə, Aran rayonlarda, Abşeronda bu hadisə çox nadir hallarda olurdu. Amma son zamanlar Abşeronda və Aran zonasında da belə hadisələr get-gedə artmaqdadır. Təbii ki, bunun da əsas səbəbi baş verən iqlim dəyişmələridir. Hazırda hava kütlələrinin istiqamətində, intensivliyində də müəyyən dəyişmələr var. Bu dəyişmələr göstərir ki, dağlarda , Böyük Qafqazda müşahidə olunan hadisələr şərqə doğru köçürülür. Həmin iqlim dəyişmələri atmosfer dövranına, onun intensivliyinə təsir göstərir. Bakıda olmayan bir hadisə indi Bakıda tez-tez qeydə alınır və ildırım göy guruldaması, şimşəklərlə müşahidə olunur. İldırım vuran insanların sayı artır. Hazırda bu istiqamətdə tədqiqat işləri aparılır və bunun hansı səbəbdən çoxalmasının səbəbləri araşdırılır. Belə hadisələri proqnoz etmək çox çətindir. Hazırda bu hadisələrin yaranma şəraiti öyrənilir. Yəni, əsas fikir budur ki, atmosferdə müəyyən dəyişikliklər əmələ gəlib. Bu da ümumi vəziyyətə təsir göstərir. Amma bizim bu istiqamətdə tədqiqatlarımız hələ ki, davam  etməkdədir. Digər tərəfdən, Bakıda tikilən hündür tikililər də hava kütlələrinin dinamikasına təsir edir. Bu tikililər hava kütlələrinin altında şaquli hərəkətləri gücləndirir. Bu da paytaxtda yağıntıların artmasına gətirib çıxarır. Bakıda yağıntıların, dumanlı hava hallarının sayı artır. Bu da yeni tikilən binalarla bağlıdır. Rütubətli hava həmin binaların səthi ilə təmasda olanda konvensasiya prosesi baş verir, binanın ətrafı həmişə dumanla örtülü olur. Bu istiqamətdə hələ tədqiqat aparılır”.

H.Nəbiyev onu da vurğulayıb ki, şimşək çaxanda insanlar maksimum ehtiyatlı olmalıdırlar: “Adətən, ildırım daha çox yüksək obyektləri vurur. Məsələn, dağlıq əraziləri. Şimşək çaxanda  düzənlikdə olan ağacın altında da daldalanmaq olmaz. Çünki orda ən hündür obyekt ağacdır və ildırım birinci onu vuracaq. Ağacı da vursa, yəqin ki adamı da vuracaq. Güclü ildırım zamanı yaş paltarda açıq havada durmaq olmaz. Çantada olan metal əşyanı götürmək lazımdır. Mümkündürsə, telefon söndürülməlidir. Antenası olan bütün cihazların hamısı onu tutur. Bəzən maşında olanda adamlar özlərini daha təhlükəsiz hesab edir. Amma avtomobildə quraşdırılan registratorlar ildırımı darta bilirlər. İldırım çaxanda həmçinin evdə radioqəbuledicilər və telefon da söndürülməlidir ki, bu cihazlar ildırımı özünə dartmasın”.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun aparıcı elmi işçisi Kamil Qurbanov

vurğulayan K. Qurbanov deyib ki, ildırım, şimşək çaxması təbii bir prosesdir: “Bu atmosfer hadisəsidir. Son vaxtlar bunun dağ və rayon yerlərində müşahidə olunması buludlu havaların olması ilə əlaqədardır. İldırım buludla yer arasında, buludla bulud arasında yüksək gərginlikli qaz boşalmasıdır, kiloamperlərlə cərayan axır. Buludlu havada bu proses sürətləndiyində biz ildırımı daha tez-tez müşahidə edirik. Şimşək, ildırım eyni şeydir.Şimşək də ildırımın şaxələridir. Harada bulud varsa, bulud hansı istiqamətdə hərəkət edirsə, ildırım da həmin istiqamətdə gözlənilir. Buludlar bir-birinə yaxınlaşanda, məsafə azalanda bir buluddan o biri buluda qövs şəkilində ildırım boşalması baş verir. Bunun modelini işləyib düzəltmək laboratoriyada da mümkündür. Elə işləyirik də. Amma əvvəllər bunun nə olduğunu bilmirdilər. Bu təbiət hadisəsidir. Qorxulu heç nə yoxdur. Bu hadisələr ölkəmizdə həmişə olub. Əvvəl bizdə hətta Şuşa şəhərində mərkəz var idi, ildırımın cərayan şiddətini ölçürdülər. Sonra onu Şamaxıya köçürdülər. Yəni, bunu iqlim dəyişmələrinə bağlamaq olmaz, həmişə olan hadisələrdir, bundan sonra da olacaq”.

K. Qurbanov öz açıqlamasında ildırımvurma hallarında insanların necə davranmalı olduqlarına da toxunub: "Əsasən yüksək binalar, hündür şam ağacları olan yerlərdə ildırımdan mühafizə tədbirləri keçirilir. Çünki ildırımın elə yerlərə düşməsinə daha çox təsadüf edilir. İldırım düşərkən insanlar şaquli vəziyyətdə hərəkət edirlərsə, bu da müəyyən bir yüksəklik sayılır. Əgər insan düzənlikdədirsə, hansısa bir tarlada iş görürsə və yaxud çobanlıq edirsə, örtülü yer tapmadığı halda heç olmasa yerə uzanmalıdır ki, o hündürlüyü azaltsın. Əgər evdə ildırımdan mühafizə qurğusu yoxdursa, onda ildırımın televizor, soyuducu kimi həssas elektrik cihazlarına təsiri ola bilər. Yaxşı olar ki, bu cihazlar şəbəkədən ayrılsın”.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov isə mövzu ilə bağlı danışarkən hafta.az-a bildirib ki, bu gün təbii proseslərə ciddi şəkildə müdaxilə edilir: “İri dövlətlər meteroloji, geofiziki silahlardan istifadə edirlər. Buna görə də son illər ildırım, şimşək çaxması hallarının artması heç də təbii proses sayıla bilməz. Bu gün dünyada çirkin oyunlar gedir. Məhz bioloji silahlar nəticəsində təsadüf etmədiyimiz hadisələrlə rastlaşırıq. Amerikanın dünyanın hər yerində bioloji silahı var. Elə Azərbaycanda, qonşu Gürcüstanda, Ermənistanda da həmin silahlardan yerləşdiriblər. Yəni, SSRİ dağılandan sonra ABŞ bioloji silahları hər yerə yerləşdiriblər”.

Ekspert həmçinin vurğulayıb ki, ildırım halları çoxaldığından vətəndaşlar bu kimi vəziyyətdə hansı addım atılmalı olduğunu bilməlidirlər: “Bu zaman ağacların yanında və boş ərazilərdə dayanmaq qəti olmaz. Çünki ildırım çaxan zaman hətta iri ağacları da vurub aşıra bilir. Çox zaman məlumatsızlıq ucbatından xeyli itkilər olur. Ona görə də yaxşı olardı ki, bu barədə maarifləndirmə işləri aparılsın və insanlar məlumatlanıdırılsın. Xüsusən kənd yerlərində yaşayanlara və məktəblilərə bu haqda məlumat verilməlidir. Çox vaxt yağışlı havada ildırım çaxan zaman insanlar mal-qara otarırlar. Bu həm insanlar, həm də heyvanlar üçün təhülkəlidir. Bu gün bir çox dünya alimləri qlobal istiləşmənin olduğunu desələr də, iyun ayında bu kimi hallara rast gəlinir. Əgər yay ayında üç güclü ildırım faktı qeydə alınıbsa, deməli iqlimdə dəyişikliklər gedir. Artıq ekoloji problemlər iqlimə təsir edir. Bunun nəticəsində yağıntıların miqdarı  və ildırım kimi təbiət hadisələri getdikcə artır. Əvvəllər bir ildə iki-üç yüz qasırğa, tufan və təbii fəlakət baş verirdisə, indi bu rəqəm üç-dörd minə qalxıb”.

Oxunma sayı 309