İllər keçsə də, dəyişməyən mənzərə

14:46 05.08.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Uşaqların düzgün tərbiyəsi sağlam gələcəyin,  cəmiyyətin əsası, sosial inkişafın təminatıdır. Uşaq şəxsiyyətinin düzgün formalaşması, cəmiyyətə yararlı, faydalı ola bilməsi, təbii ki, böyüklərin ailədən başlayaraq verə bildiyi  tərbiyəyə, davranışa, münasibətlərə bağlıdır.

Milli-mənəvi, dini-ruhi dəyərlərin düzgün təşviqi də uşağın formalaşmasında ayrıca götürülə bilməz. Bir çox hallarda dinimizin – İslamın uşaqları tərbiyəsi ilə bağlı buyurduqları yanlış şəkildə, ifrata vararaq tətbiq edilir. Heç şübhəsiz, bütün ailə üzvlərinin hamısı dini təhsil almır və bununla yanaşı, hər bir insan öz dini etiqadının mahiyyətini, fəlsəfəsini anlamalıdır. Azyaşlı uşaqların bunu kimdən və haradan öyrənəcəyi məsələsi birmənalı olmamaqla yanaşı, həm də düşündürücüdür.

Son zamanlar, xüsusən də məhərrəmlik ayında azyaşlı uşaqların “dini ayinlər”ə cəlb edilməsi diqqət çəkir. İstər-istəməz suallar yaranır: azyaşlılar dini ayinlərdən hansı hallarda kənar tutulmalıdır; necə edilməlidir ki, “Müsəlmanam”, – deyən insan öz milli-mənəvi, ruhi dəyərləri, dini etiqadı ilə bağlı sağlam bilikləri öyrənsin, düzgün təşviq etsin.  Azyaşlılar dini ayınlərin keçirilməsinə cəlb edilirsə, bu, dini maarifləndirmə, dinimizi öyrətmək, uşaqlarda dini təsəvvürlər yaratmaq baxımından nə dərəcədə əhəmiyyəti hesab edilə bilər? Bu gün cəmiyyət toplum olaraq dinimizin fəlsəfəsini nə dərəcədə doğru qavrayir, nə dərəcədə onun tələblərinə uyur?..

“Həftə içi” məsələyə ekspertlərin təhlilləri əsasında aydılıq gətirib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Azərbaycan qanunvericiliyinə, dinimzə əsasən gənclərin dini mərasimlərə cəlb edilməsi yolverilməzdir. Onun fikrincə, azyaşlıların gərəksiz dini ayinlərə qatılmasının qarşısının alınması üçün dini maarifləndirmə və təbliğat işlərinin aparılmasına ehtiyac var: “Azyaşlı uşaqlar dini ayinlərlə bağlı prosesdə iştirak etməməlidirlər. Əgər bu gün belə halları görürüksə, deməli, geniş maarifləndirmə işinin aparılmasına, gənclərin sağlam dini biliklərə yiyələnməsi üçün addımların atılmasına zərurət var. Uşaqlarla dini maarifləndirmə işinə orta məktəblərdən başlanmalıdır. Biz uşaqlara dinlə bağlı bilgilər vermədikcə kənar mənbələrdən, doğru olmayan istiqamətlərdən yanlış bilgilər alacaqlar. Bu da sağlam dinə qarşı əks çıxışlar yaradır”.

C.Məmmədov hesab edir ki, ilk baxışdan sadə, təhlükəsiz görünən bu məsələ, əslində, çox ciddi, diqqətli yanaşma tələb edir: “Hər kəs bu məsələdə diqqətli olmalıdır. Azyaşlıların keçirilən dini mərasimlərə cəlb olunmasında ailələrin  üzərinə böyük məsuliyyət düşür. Söhbət ondan getmir ki, biz dinimizlə bağlı, ayinlərimizlə bağlı azyaşlılara  heç bir məlumat, heç bir bilik verməli deyilik. Xeyr, biz ilk yaşlarından gənclərə adətlərimizlə bağlı müəyyən bilgiləri və məlumatları mütləq  şəkildə verməliyik. Əlbəttə ki, böyüklər, valideynlər özləri də dinlə bağlı davranışlarına diqqət yetirməlidirlər.  Dinimizin də tövsiyəsi, yanaşması odur ki, gəncləri düzgün məlumatlandırmalı, onlara düzgün bilgilər verməliyik. Bir daha qeyd edirəm: burada söhbət qadağadan getmir”.

C.Məmmədov qeyd edir ki, uşaqlara dini bigilər verməklə yanaşı, yeniyetmələr dini mərasimlərə bu yaxınlarda müşahidə olunan formada “zəncirvurmalara” cəlb olunmamalıdırlar.  Onlara “Din nə istəyir, dinə yanaşmamız necə olmalıdır, insanlarla münasibətimiz necə olmalıdır” məsələlərini düzgün aşılamaq üçün imkan yaradılmalı, düzgün maarifləndirilməlidirlər.

Dinşünaslıq və mədəniyyətin fəlsəfəsi üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov azyaşlı uşaqların dini mərasimlərdə iştirakının onların inanc üzrə tərbiyəsi baxımından əhəmiyyətli olduğunu deyib. Onun fikrincə, hər bir əməl uşaqlara  kiçik yaşlarından aşılanmalıdır. O ayinlər, o mərasimlər ki, özündə uşaq xarakterini mənfi istiqamətdə formalaşdıracaq elementlər ehtiva edir, uşaqların bu cür mərasim və ayinlərdən uzaq tutulması məqsədəuyğundur: “Uşaqlar hər hansı mərasimdə və yaxud ayində iştirak edərkən, bu, onlarda qorxu, təşviş, hansısa qrupa nifrət hissi aşılamamalıdır. Uşaqları bu cür dağıdıcı, nifrət elementləri ilə yükləmək doğru deyil”.

E.Məmmədov bu məsələdə valideynlərin öhdəsinə böyük məsuliyyət düşdüyünü deyib. Onun sözlərinə görə, uşaqlara kiçik yaşlarından dini tərbiyəni verəcək ən yaxşı tərəf valideyndir”.

“Valideynlər dini düzgün başa düşməli, mərasim və ayinləri qiymətləndirməlidirlər. Ola bilsin, həmin ayinlər böyüklərin xarakterinə münasibdir, amma uşaqlar üçün münasib olmaya bilər.

Əlbəttə ki, valideynin dinə, inanca, uşaq tərbiyəsinə baxışı mühümdür. Valideynlər bu məsələdə müəyyən şərtlərə cavab verirlərsə, biz uşaqların dini tərbiyəsində  düzgün xarakterin formalaşmasından danışa bilərik. Yox, əgər valideynin özünün ayinlərə, mərasimlərə baxışında probem mövcuddursa, uşaq tərbiyəsinin sadə qaydalarından, uşaq xarakterinin formalaşması qaydasından xəbəri yoxdursa, burada məsələ bir qədər qəlizləşir”.

E.Məmmədov, eyni zamanda, bildirir ki, əgər biz uşaqlarımızı müsəlman kimi böyütmək istəyiriksə, onları, təbii ki, özümüzlə müxtəlif ayinlərə, mərasimlərə aparmalıyıq. Məsələn, uşaqlara namaz şüurunu aşılamaq istəyiriksə, onları məscidlərə – Cümə, Camaat namazlarına aparırıq.  Onun fikrincə, burada Məhərrəmlik mərasimləri də istisna deyildir. Əgər Məhərrəmlik mərasimləri sağlam dini qaydalara uyğun keçirilirsə, orada bədənə fiziki zərər yetirmə yoxdursa, hansısa qrupa qarşı mənfi çağırışlar səslənmirsə, orada da uşaqların iştirak etməsində qəbahət görmədiyini deyir: “Məhərrəmlik mərasimlərinə kifayət qədər dağıdıcı elementlər daxil olub. Məsələn, bədənə fiziki zərərin yetirilməsi, o cümlədən başqa qruplara, hansısa məzhəbə qarşı nifrətdolu şüarların səsləndirilməsi halları var. Elə edilməlidir ki, bu mərasimlər uşaqarda mənfi, neqativ xarakter, hansısa qrupa inamsızlıq formalaşdırmasın. Uşaqlar həm sevməyi, həm də sevdirməyi bacarmalıdırlar. Təəssüflər olsun, bəzən Məhərrəmlik mərasimləri  elə formatda keçirilir ki, orada sevgidən çox nifrət aşılanır, insanlara qurbanolma təfəkkürü yeridilir.  “Qurbanlıq” xarakteri ilə formalaşan uşaq gələcəkdə sağlam, yaradıcı təfəkkürə sahib ola bilməz”.

İlahiyyatçı Tural İrfan bildirir ki, əslində, şəriət baxımından azyaşlıların dini ayinlərə cəlb olunmasına  heç bir qadağa yoxdur. Əksinə, uşaqların da dini etiqada, inanca təşviq edilməsi tövsiyə olunur. İslam dininə görə uşaqlar həddi-büluğa çatandan sonra onlara dini ayinlərdə iştirak vacib edilir. Ancaq bu, uşaqların düzgün təlim-tərbiyəsinə heç bir maneçilik törətməməlidir.  

T.İrfan son vaxtlar Məhərrəmlik ayinlərinə uşaqların cəlb edilməsini qətiyyətlə yolverilməz hesab edib. İlahiyyatçı bildirib ki, əslində, Məhərrəmlik ayinləri İslam dininə aid deyil. İslam dinində “ayinlər”  deyərkən, əsasən, namaz, oruc nəzərdə tutulur: “Uşaqların dini ayinlərə cəlb edilməsi qəti qadağan olunmalıdır. Xüsusilə də Məhərrəmlik ayında keçirilən ayinlərin İslam dininə aidiyyəti yoxdur. Məhərrəmlikdə təşkil olunan mərasimlərin heç biri İslam  dininə aid olmadığına görə, uşaqların həmin mərasimlərə təşviq olumasına qəti yol vermək olmaz.  Biz türk ənənələrini yaşatmalıyıq. İmam Hüseyn davamçıları Şəhidlər Xiyabanında yatanlardır”.

İlahiyyatçı qeyd edir ki, qanunlarımız bu kimi məsələlərə humanist yanaşıb qadağalar qoymasa da, müəyyən baxışlar, adət-ənənələr var ki, ona düzgün əməl olunmalıdır: “Azərbaycan hüquqi, dünyəvi dövlətdir və ölkəmizdə müxtəlif dinlər, məzhəblər var. Heç şübhəsiz, dini ayinlər yalnz bir dinin –İslam mənsubları tərəfindən keçirilmir. Ölkəmizdə mövcud olan fərqli məzhəblərin, ənənəvi dinlərin tərəfdarları müxtəlif mövsümlərdə, müxtəlif vaxtlarda dini ayinlər keçirirlər.  “Azyaşlıların dini ayinlərə qatılması düzgün sayılmır”,  – dedikdə, ayri-ayri dini etiqadı olanlar da nəzərdə tutulur”.

İlahiyyatçı hesab edir ki, əgər insan evdə namaz qılırsa, onun Camaat namazına getməsi o qədər vacib deyil. Həftədə bir dəfə olan Cümə namazı vacibdir ki, orada da  həddi-büluğa çatmış insanlar iştirak edə bilərlər.

T.İrfan, eyni zamanda, bildirir ki, uşaqların maariflənməsi, öz dinlərini, milli-mənəvi dəyərlərini öyrənməsi tələbi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən səslənib və orta məktəblərdə maarifləndirmə tipli dərslərin, əlavə məşğələlərin keçirilməsi vacibdir: “Məktəblərdə dini dərslər verilməsə də, elə bir proqram işlənməlidir ki, yeniyetmələr oradan öyrənsinlər. Uşaqlar bilməlidirlər ki, dinimiz dövlət atributlarımızda var, ölkə Prezidenti seçilərkən Konstitusiya ilə yanaşı, Qurana da əlini basır. Bizim tarixi köklərimiz İslamla bağlıdır. İslam dininin özəllikləri, mahiyyəti haqqında 11 il oxumuş uşağa məlumat verməmək və yaxud kitabın hansısa küncündə ötəri məlumat vermək yanlışdır. Bu, insanın fitri, din ehtiyacıdır. Bizim xalqımz öz dininə bağlıdır”.

T.İrfan qeyd edir ki, dini maarifləndirmə olmayanda insanlar onu yanlış yerlərdən öyrənirlər. Onun fikrincə, bu gün ölkədə baş verən xurafatçılığın, radikalizmin 80 faizi orta məktəblərdə dini maarifləndirmənin olmaması ilə bağlıdır: “Mən “Din ayrıca dərs kimi tədris olunsun”, – demirəm; bu, dünyəvi dövlət olaraq düzgün deyil. Eyni zamanda, Azərbaycanda İslam modeli formalaşmadığı üçün onun proqram şəklində dərsliklərə salınması mümkün deyil. Üstəlik, məktəblərdə dərs verə biləcək kadrlar da hazır deyil. Bu baxımdan dinin tədris olunmasına ehtiyac görmürəm, amma maarifləndirmə olmalıdır. Bunun üçün Dini Komitə, Elmlər Akademiyası, ilahiyyatçılarla bir yerdə məzhəbçilikdən, dini ayrı-seçkilikdən uzaq, radikalizmə, xurafatçılığa qarşı elementlərin yer aldığı bir maarifləndirmə vəsaiti hazırlanmalıdır.  Bizim yeniyetmələr bilməlidirlər ki, dinin özəyi nədir, dinə xələl gətirən,  zərbə vuran məsələlər, xarici təsirlər nədən ibarətdir.  Bu olmasa,  gənclərimiz gedib sinəsinə zəncir vurub, yallı gedənlərin dəstəsinə qoşulacaq. “Ya Hüseyn, vay Hüseyn”, – deyəcəklər. Hüseynin nə vaxt doğulub, nə vaxt getdiyni bilmədən, cahil, İranın arzu etdiyi topluma çevriləcəklər. Yaxud gələcəkdə şalvarı gödək, saqqalı uzun vəhhabi təşkilatına qoşulub, ata-anasına “Kafir”, “O, olmaz, bu, olmaz”, – deyəcəklər. Yaxud xaricdə iranlıların təsiri altına düşüb, gəlib öz dövlətinə qarşı casusluq edəcəklər. Ona görə də dini “Allahın ümidi”nə buraxmaq olmaz. Dində olan boşluqlar maraqlı dairələrin ondan istifadə etməsi üçün şərait yaradır. “Nurçu”, “sələfi”, “vəhhabi” cərəyanlarının  hamısı siyasətə bükülüdür. İslam dinundə təriqətçilik, məzhəbçilik yoxdur. Kim ki ölkədə təriqət, məzhəb adından çxış edir, onun İslam dinindən əsla xəbri yoxdur. İslamın ideyası, əsas xətti parçalanmanın, təfriqənin əleyhinədir”.

Hazırda Azərbaycanda İslam dininin təbliğinə diqqət verildiyini vurğulayan ilahiyyatçı vaxtilə bu sahədə olan boşluqların bu gün öz mənfi təsirini göstərdiyini qeyd edib. Onun sözlərinə görə, xarici dairələrin təsirinə düşmüş xurafatçı, radikal, mövhumatçı şəxslər bu gün də həmin nizamı pozmağa çalışırlar. Ona görə də uşaqların dini maarifləndirilməsinə ehtiyac var.