İlmə-ilmə işlənən büdcə yeyintisi - Araşdırma

12:45 18.02.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Büdcə mənimsəmələrini aradan qaldırmağın yolları varmı?

Azərbaycanın dövlət qurumlarında büdcə mənimsənilmələrinə yol verilməsi, artıq heç kəs üçün sirr deyil. Hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə keçirilən əməliyyatlar da sübüt edir ki, mənimsənilən vəsaitlərin həcmi milyon manatlarla ölçülür.

Bu ilin yanvarın 9-da "Azərxalça" ASC İdarə Heyətinin sədri Vidadi Muradov da külli miqdarda mənimsəmələrdə ittiham olunaraq həbs edilidi. Baş Prokurorluğun yaydığı məlumatdan aydın olur ki, keçmiş sədr “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaiti köçürərək, həmin məbləğin 1 milyon 149 min manatlıq hissəsini mənimsəyib. Bundan başqa, V.Muradov 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyib.

Keçmiş ASC sədri 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manata alınması mümkün olan yuntəmizləmə xəttini Almaniyadakı bir şirkətdən 5 milyon 314 min avroya (10 milyon 167 min manat) almaq üçün müqavilə bağlayıb. Daha sonra isə müqavilənin tərkib hissəsi kimi, yuntəmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğində pulu həmin şirkətə ödəyib. Bütün bunlara görə V. Muradova qarşı Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

 

Məqsəd xalçaçılığın inkişafı olsa da…

Qeyd edək ki, “Azərxalça” ASC ölkə Prezidentin 2016-ci il, mayın 5-də imzaladığı sərəncama əsasən yaradılıb. Sərəncama görə mövcud “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilərək onun bazasında açıq səhmdar cəmiyyəti qurulub.

Bu qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirmək olub. Elə həmin ilin iyununda “Azər İlmə” MMC-nin rəhbəri Vidadi Muradov cəmiyyətin İdarə Heyətinin sədri təyin olunub. Şirkətin nizamnaməsi və strukturu isə Nazirlər Kabineti tərəfindən 2016-ci ilin oktyabrında təsdiqlənib.

Apardığımız araşdırma zamanı məlum olur ki, o zaman dövlət büdcəsindən şirkətə nizamnamə kapitalının formalaşması üçün 15 milyon manat ayrılıb. Şirkətin öz hesabatına görə, 2017-2018-ci illərdə investisiya məqsədilə “Azərxalça”ya 68 milyon manata kimi vəsait ayrılıb. Rəqəmlər göstərir ki, 2016-2019-cu illərdə (2020-ci ilə dair məlumat yoxdur) –4 il ərzində “Azərxalça” dövlət büdcəsindən birbaşa olaraq, 114,9 milyon manat vəsait alıb.

Qurumun saytında yerləşdirilən maliyyə hesabatlarına diqqət yetiririk: 2019-cu il üçün maliyyə hesabatı yoxdur, saytda 2016, 2017, 2018-ci illərdə şirkətin maliyyə hesabatları mövcuddur. Məsələn, 2017-2018-ci illərdə şirkət satışdan 486 388 manat qazandığını bildirir. Ümumilikdə şirkət 2 ilə yarım milyon manata yaxın satış edib. Satışın maya dəyəri 647,5 min manat olub. İnzibati və əməliyyat xərcləri isə 2,2 milyonu üstələyib.

4 ildə nə qədər xalça toxunub?

Qeyd edək ki, hazırda respublika üzrə “Azərxalça”nın 21 filialı mövcuddur. “Azərxalça” ASC-nin saytında “Xalçaların reyestri” adlı bir sənəd mövcuddur. Sənədə görə illər üzrə istehsal aşağıdakı kimi olub:

2016 – 4 ədəd

2017 – 277 ədəd

2018 – 1442 ədəd

2019 – 2569 ədəd

Qurumun keçmiş sədri V. Muradovun ötən il verdiyi məlumata görə, şirkətin fəaliyyətə başladığı dövrdən 16 662 kvadrat-metr xalça toxunub. Onun da 1919 kvadrat-metri satılıb.

 2019-cu ildə 21 filial 2555 ədəd xalça toxuyub. Bu xalçaların ümumi sahəsi isə 8 836 kvadrat-metr olub. “Azərxalça”nın satışı çox da geniş olmayıb. 2020-ci ilin martında 1919 kvadrat-metr xalçanın satılması barədə məlumat verilib. Əvvəlki il bu göstərici 1234 kvadrat-metr olub.

2019-cu ildə istehsalın, az qala, 2 dəfə artmasına baxmayaraq, satış 2 dəfə azalıb. Halbuki “Azərxalça”nın rəsmi səhifəsində yer alan məlumata görə, 2016-2017-ci illərdə sözügedən qurumun məhsulları Amerika Birləşmiş Ştatlarında, Almaniyada və Rusiyada keçirilən beynəlxalq tədbirlərdə sərgilənib və böyük maraq oyadıb. "Azərxalça" hər il DOMATEX xalça satış-sərgisinə qatılıb və "Xalça dizaynı" müsabiqəsində də iştirak edir. Bundan başqa, Azərbaycan xalçalarının təbliğatı məqsədilə dünyanın bu sahə üzrə ixtisaslaşmış nüfuzlu "Halı" və "Carpet XL" jurnalları ilə əməkdaşlıq edilib. Bu jurnalların hər nömrəsində Azərbaycan xalçaları reklam olunub. 2018-ci ildə isə dünyanın ən iri onlayn satış sistemi olan ABŞ-ın məşhur və nüfuzlu amazon.com saytında “Azərxalça"nın məhsullarının nümayişinə və satışına başlanılıb. Saytda satışa çıxarılan məhsulların "Azərxalça" tərəfindən istehsal edildiyi, həmin xalçaların hansı qrupa aid olduğu barədə məlumatlar yerləşdirilib. 2019-cu ildə isə İsveçdə fəaliyyət göstərən “NGK-AZE” şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün “Azərxalça”ya müraciət edib və təklif dəyərləndirilərək həmin şirkətin “Azərxalça”nın İsveçdəki distribüteri olmasına razılıq verilib. Beləliklə, Stokholmun “Vikjö” ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarılıb.Onu da deyək ki, dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız "Azərbaycan brendi" adı ilə satılır.

Bir  kvadrat-metr xalça 680 manatdan satılıb

İndiyədək “Azərxalça”nın istehsal etdiyi məhsulların qiyməti ilə bağlı konkret rəqəmlər açıqlanmayıb. Bəzi mənbələrdə xalçaların 1 kvadrat-metrinin qiyməti 250, bəzi mənbələrdə isə 450 manat kimi təqdim olunur. Bununla bağlı dəqiqləşdirmə aparmaq məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumun İdarə Heyəti sədrinin müşaviri Tural Səfərov hafta.az-a açıqlamasında bildirib ki, “Azərxalça” ötən ilin ortalarından fəaliyyətini müvəqqəti olaraq dayandırıb:

“Bizim qurumdakı vəziyyətdən, yəqin ki, məlumatlısınız. İndi bizdə yoxlama gedir, anbarı da yoxlayırlar. Yoxlama gedən qurumda satışdan söhbət gedə bilməz. Ümumiyyətlə, bizim müəssisələrdə koronavirus pandemiyasına görə, ötən ilin may ayından fəaliyyət müvəqqəti olaraq dayandırılmışdı. Pandemiya ilə bağlı sosial məsafə tələbləri var və xalça toxunması zamanı buna əməl etmək  mümkün deyil. Bilirsiniz ki, xalça toxunması zamanı işçilər, təxminən, 20 santimetr məsafədə işləyirlər. Yəni onların yanaşı oturması şərtdir. Eyni zamanda, bu proses qapalı məkanda həyata keçirilir və təxminən, 70-80 nəfər işləyir. Bütün bunlar nəzərə alınaraq pandemiya ilə bağlı boşdayanma elan olunub. Bu proses indiyə kimi də davam edir. Yəni ötən ilin ortalarından nə məhsul istehsalı, nə də satış var. İndi də yoxlama gedir. Bütün bunlara baxmayaraq, gələcəkdə vəziyyət yaxşı olacağına ümid edirik. Azərbaycan xalçası qiymətli məhsuldur, dünyada da maraq var. “Azərxalça” nı dövlət böyük ümidlərlə yaradıb. Gələcəkdə bu istiqamətdə atılan addımlar böyük effekt verəcək”.

“Azərxalça”nın istehsal etdiyi məhsulların qiymətlərinə gəlincə, qurum rəsmisi bildirib ki, “Azərxalça” indiyədək topdansatış həyata keçirməyib: “Bu barədə dəqiq bir məlumatım yoxdur. Onu deyə bilərəm ki, yoxlama başlamamışdan əvvəl xalçanın bir kvadrat-metri 680 manata satılıb. Bizdə istehsal olunan xalçalar xovlu yun xalçalar olub. Gələcəkdə hansı qiymətlərin müəyyənləşdiriləcəyi isə zaman göstərəcək. Hər şey yoxlama prosesində nələrin ortaya çıxacağından asılıdır”.

Yeri gəlmişkən, 2018-ci ildə amazon.com saytında “Azərxalça” istehsalı olan Şirvan, Qarabağ və Quba xalçaları alıcılara müvafiq olaraq 2600, 1400 və 1200 dollara təklif olunub.

Büdcəni mənimsəyən qurumları necə islah etmək olar?

Yazımızın girişində də vurğuladığımız kimi, büdcə vəsaitlərinin mənimsənildiyi artıq heç kəs üçün sirr deyil və artıq belə faktlar cəmiyyəti də təəccübləndirmir.

Sayı onlarca olan bu şirkətlərin hər birində, təxminən, eyni ssenari işlənilir. Dövlət satınalmaları zamanı tələb olunan vəsaitlər dəfələrlə şişirdilir, yaxud görülən işin dəyəri ayrılan vəsaitdən qat-qat ucuz başa gəlir. Birmilyonluq avadanlığın 4 milyona alındığı rəsmiləşdirilərək, 3 milyon manat vəsait kimlərləsə “bölüşdürülür” və s. Ekspertlərə görə, təkcə satınalma prosesində hər 4 manatdan 1-i korrupsiya predmetidir. Bu, olduqca ciddi bir rəqəmdir və elə bu rəqəmə nəzər yetirmək kifayətdir ki, bəzi məmurların hansı yolla “varlandığı” ortaya çıxsın.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Əli Əlirzayev bildirib ki, büdcədən vəsait ayrılarkən onu düzgün planlaşdırmaq lazımdır:

“Ola bilməz ki, 100 minlik bir xərci olan layihə 200-300 minə başa gəlsin. Büdcə vəsaitləri müvafiq normativ göstəricilərə uyğun ayrılmalıdır. Əgər normativ göstəricilər nəzərə alınmırsa, mütləq həmin işdə yeyinti olacaq. Digər tərəfdən, büdcə vəsaitlərinin üzərində ciddi nəzarət olmalıdır. Hər bir xərcin nomenklaturası Azərbaycan şəraitinə uyğun olmalıdır. Büdcədə yeyintinin olması korrupsiyadır. Bu bir adamın işi deyil və yeyinti zəncirvari bir prosesdir. Puldur da, pulu mənimsəmək üçün hər cür varianta əl atırlar”.

Ekspert vurğulayıb ki, büdcə vəsaitlərini nəzarəti audit təşkilatları həyata keçirsələr də, bəzən onlar da korrupsiya qoşulurlar: “Bu baxımdan bəzən düzgün yoxlama aparılmır. Hesab edirəm ki, bu sahədə rəqabətli mühit yaradılmalıdır. Auditor tək olanda monopoliya yaranır. Belə olan halda vəsaiti istifadə edən subyektlə razılaşır, yoxlama da düzgün aparılmır. Ona görə dövlət qurumlarını həm də müstəqil audit şirkətləri araşdırmalıdır. Bu halda rəqabət mühiti yaranacaq və auditorlar da düzgün yoxlama aparmaqda maraqlı olacaqlar”.

Oxunma sayı 906