Bu yaxınlarda "Twitter"i 44 milyard dollara alan amerikalı milyarder İlon Mask Ukraynaya daha bir hədiyyə edib. "SpaceX" baş direktoru ərazi bütövlüyü və müstəqilliyini müdafiə edən bu ölkəyə "Tesla Powerwall" stansiyalarını göndərib.
Hafta.az bu haqda “Segodnya” nəşrinə istinadla xəbər verir.
“Bu gün Borodyanka və İrpendə iki poliklinika günəş panelləri və "Tesla Powerwall" enerji qənaət sistemləri aldı", - deyə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov bildirib.
"Bu günəş panelləri və generatorları Amerikada çox populyarlaşıb. "Powerwall" enerji sistemi yüksək avtonomluğa malikdir və elektrik enerjisinin kəsilməsi zamanı ehtiyat enerji təmin edir.
Bu ultra-müasir avadanlıq rus işğalından ən çox əziyyət çəkən ərazilərdə ukraynalılara kömək edəcək”, - Fyodorov belə deyib.
Bundan öncə İlon Mask Ukraynaya "Starlink" terminallarını hədiyyə edərək kritik infrastruktur və ordu üçün rabitəni təmin edib.