Pandemiya ilə birgə həyatımıza daxil olan bir sıra yeniliklər uzun müddətdir ki, əhali arasında anlaşılmazlıq və çaşbaş yaranmasına səbəb olub. Bunlardan biri də “İmmunitet sertifikatı” və “COVID pasportu” anlayışlarının müddəti, alınması və digər detallarıdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən hafta.az-a verilən məlumata görə, “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində 1 doza vaksin (bu, busterdoza sayılır) vurdura bilər. Busterdozanı (bir doza) vurdurmaqla vətəndaşın “İmmunitet” sertifikatı müddətsiz olur.
Əgər şəxs 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurdurursa, bu zaman o “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edir. Qeyd edildiyi kimi, “Peyvənd sertifikatı” müddətsizdir.
Koronavirus xəstəliyini keçirən və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.
Onu da diqqətinizə çatdıraq ki, Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir.
Digər bir məsələ COVID-19-a yoluxmuş vətəndaşlara göndərilən mesajda təcridlə bağlı məlumatın verilməməsi idi. Müddətin 14 gün olduğu bilinsə də, bəzən bu, gələn bildirişdə qeyd olunmur. Görəsən, belə problemlər nə ilə bağlıdır? Bu halla rastlaşan vətəndaş hara müraciət etməlidir?
Məsələ ilə bağlı ünvanladığımız sorğuya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən cavab belə oldu:
– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən COVID-19 xəstəliyinə götürülmüş analiz nəticələri pozitiv çıxan şəxslərə göndərilən məlumat bildiriş xarakteri daşıyır. Nəticələri pozitiv çıxmış şəxslərin təcrid olunması, xəstələrlə təmasda olan vətəndaşların təyin olunması və təcrid olunması birbaşa olaraq Səhiyyə Nazirliyinin Sanitariya-Epidemioloji Xidməti tərəfindən aparılır. COVID-19 testi pozitiv çıxan hər bir vətəndaş barədə məlumat epidemioloq tərəfindən araşdırılır, vətəndaşla əlaqə saxlanılır, təcridolunma haqqında məlumat verilir. Həmçinin “e-Tabib” portalında “Sağlamlıq statusu” bölməsində vətəndaşın sağlamlığı barədə məlumat qeyd edilir. Əgər vətəndaş koronavirus xəstəliyinə yoluxubsa, “Sağlamlıq statusu” bölməsində vətəndaşın virusa yoluxduğu və təcrid müddətinin 14 gün olduğu bildirilir.