İngiltərədə 2009-cu ildən sonra doğulanlara siqaret satışı qadağan edildi

09:25 18.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gələcək nəslin ömürlük siqaretdən istifadəsini qadağan edən qanun layihəsi Böyük Britaniya parlamenti tərəfindən təsdiqlənib. Belə ki, “Siqaretsiz nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib.

Hafta.az-ın “The İndependent”ə istinadən yazdığına görə, çərşənbə axşamı axşam saatlarında təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər.

Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.

Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb. Hakim partiya vurğulayıb ki, parlamentdə səsvermə zamanı deputatlar istədikləri səsi verməkdə azad olacaqlar. Bununla belə, qanunun ana müxalifətdəki İşçi Partiyası və Liberal Demokrat Partiyasından olan deputatların səsləri ilə qəbul ediləcəyi gözlənilirdi. Qanun siqareti deyil, siqaret məhsullarının satışını qadağan edir.

Tütündən istifadə ölkədə qarşısı alına bilən ölümün əsas səbəblərindən biridir. Demək olar ki, hər dəqiqə bir insan infarkt, insult və ağciyər xərçəngi kimi siqaretlə əlaqəli səbəblərdən xəstəxanaya yerləşdirilir.

Səhiyyə naziri Viktoriya Atkins qanunun minlərlə insanın həyatını xilas edəcəyini və ölkənin səhiyyə sisteminə təzyiqi azaldacağını bildirib.

"Reallıq budur ki, tütündən istifadənin təhlükəsiz səviyyəsi yoxdur" deyib Atkins. “Bu, həqiqətən də çox zərərlidir, ona görə də biz gələcək nəsilləri qorumaq üçün bu addımı atırıq” deyə əlavə edib.

Qanun çöl yoxlamalarını həyata keçirəcək orqanlara uşaqlara tütün və ya elektron siqaret satdığı aşkarlanan bazarlarda dərhal 100 funt sterlinq cərimə tətbiq etmək səlahiyyəti verir. Bu cərimələrdən əldə edilən gəlir qanunun funksionallığının gücləndirilməsinə sərf olunacaq.

Hakim mühafizəkarlardan bəzi deputatlar bu qanunun “işləməyəcəyini” düşünərək ona qarşı çıxırdılar.

Keçmiş baş nazir Boris Conson qanunu "dəlilik" kimi təsvir edib.

Consondan sonra baş nazir olmuş və ölkənin ən qısa müddətə baş naziri olmuş Liz Trass qanunun “azadlığa” zidd olduğunu bildirib.

Oxunma sayı 33