Yüksək inflyasiya və artan yaşayış xərclərlə mübarizə aparan Böyük Britaniyada yaşayış xərclərini qarşılamaq üçün sekslə məşğul olan qadınların sayının artdığı qeyd edilib.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, yardım agentlikləri xəbərdarlıq edib ki, illərdir aşağı gəlirli müdafiəsiz qadınlar, qiymətlərin artması ilə yanaşı, mənzil və digər əsas ehtiyaclar üçün seks işinə üz tuturlar. Hətta belə qadınlar arasında ruhi xəstə olanlar da var.
Beyond the Streets xeyriyyə təşkilatı bildirir ki, ev sahiblərinin kirayə üçün seks tələbi getdikcə artan problemə çevrilib, cinayətkarlar bundan qadınlara təcavüz etmək və onları nəzarətdə saxlamaq üçün istifadə edirlər.
Xeyriyyə təşkilatının əməkdaşı bildirib ki, ehtiyaclarını ödəmək üçün əlavə gəlir əldə etmək məqsədilə seks işinin əsirinə çevrilən bir çox qadınlarla əlaqə saxlayıblar. "Yaşayış böhranı onsuz da zəif olanların ciddi istismarı ilə nəticələnib. Dövlət vəsaitləri qadınların ehtiyaclarını ödəməkdən uzaqdır. Gəlirləri azalan və xərcləri artan insanların yardım təşkilatlarına daha çox tələbat var", - sözçü bildirib.
Qeyd edilib ki, həyatda qalmaq üçün seks işinə müraciət edən qadınların əksəriyyəti mühacir və qaçqın qruplarındandır.
Latın Amerikası Qadın Xeyriyyə Təşkilatı (LAWA) isə son aylarda qaçqın qadınlara qarşı bir neçə "kirayəyə görə seks" hadisəsi ilə rastlaşdıqlarını açıqlayıb. Bu işlərdən birində aylarla dostlarının evində qalan qaçqın qadının ev xərclərini ödəməyi tələb edən şəxs tərəfindən cinsi istismara məruz qaldığı bildirilib.
Ötən həftə Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman həssas insanları cinsi istismar edən ev sahiblərini hədəf alan yeni qanun hazırladıqlarını açıqlayıb. Bravermanın açıqlamasından bir müddət əvvəl İngiltərə hökuməti məişət zorakılığının qurbanı olan qadınlara münasibətlərindən çıxmaq üçün pul ödəməyə qərar verib.
Ötən il 53 yaşlı Kristofer Koks kirayəçisindən evdə alt paltarında gəzməyi tələb etdikdən sonra "icarə üçün seks" ittihamı ilə məhkum olunan ilk britaniyalı ev sahibi olub.