Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” bu il iyunun 1-də imzaladığı Sərəncam digər həssas qruplar kimi, insan alveri qurbanlarının sosial reabilitasiya imkanlarının da artırılmasına imkan yaradıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, Sərəncamın icrası işlərinin bir istiqaməti kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri üzrə Gəncə şəhəri, Lənkəran və Göyçay rayonlarında insan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulub. Həmin mərkəzlər müvafiq sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən yaradılacaq.
Mərkəzlərdə insan alveri qurbanlarının sosial reabilitasiyasına kömək göstərilməsi, onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə zəruri xidmətlərlə, hüquqi, psixoloji, tibbi yardımlarla təmin edilmələri, məşğulluq problemlərinin həlli və s. üçün müvafiq işlər aparılacaq. Həmçinin insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün mərkəzlər tərəfindən maarifləndirmə tədbirləri də həyata keçiriləcək.
Qeyd edək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi də fəaliyyət göstərir və yaradılacaq yeni mərkəzlər insan alveri qurbanlarının sosial reabilitasiyası istiqamətində fəaliyyət müstəvisinin genişlənməsinə şərait yaradacaq.