Son zamanlar ölkəmizdə intihar hallarının sayı artıb. Özlərinə qəsd edənlər müxtəlif peşə sahibləri, gənclər, məktəblilər, hətta müharibədə iştirak etmiş qazilərimizdir. Bəzən mətbuatın, sosial şəbəkə istifadəçilərinin intihar xəbərlərinə daha çox diqqət ayırması ciddi neqativlərə yol açır, psixoloji durumu zəif olan insanların suisidə meylliyini daha da artırır. Təsadüfi deyil ki, Medianın İnkişafı Agentliyi tərəfindən KİV-lərdə intihar xəbərləri ilə bağlı xüsusi bəyanat da yayıldı. Müəyyən tövsiyyələrə əməl edilməsinə çağırışlar səsləndirildi. Cəmiyyətimizdə azyaşlı uşaqların, gənclərin, xüsusilə də qazilərimizin intihar xəbərlərindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərənlər də tapılır.
Əslində problemə iki istiqamətdə yanaşmaq daha doğru olardı:
1. İntihar xəbərlərinin geniş şəkildə tirajlanmasının neqativ təsirləri.
2. Müharibə iştirakçılarının suisidə meylli olma səbəbləri.
Ekspertlər bildirirlər ki, Psixologiyada "Verter effekti (sindromu)" deyilən bir fenomen mövcuddur. Effekt ilk dəfə dahi alman yazıçısı Yohann Volfqanq Götenin "Gənc Verterin iztirabları" adlı əsəriylə əlaqədar müşahidə olunduğundan bu əsərin baş qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür. Fenomen o qədər güclü səviyyə alır ki, bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir. Fenomenin izahını verən sosioloq Devid Filips 1947-1962-ci illər ərzində ABŞ-ın ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Onun tədqiqatlarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi əlahiddə rol oynayır. Özü də, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar.
Göründüyü kimi, bəzən oxunaqlı xəbər xətrinə media olaraq bizlər də istəməsək belə, intihar xəbərlərini geniş şəkildə tirajlamaqla problemin daha da dərinləşməsinə səbəbiyyət veririk.
Təəssüflər olsun ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanda da müharibə iştirakçıları arasında intihar hallarına rast gəlinir. Bəs bəzi müharibə iştirakçılarının intihara meylli olmasına səbəb nədir. Bir neçə faktı diqqət yetirək.
Məsələn, BBC-nin araşdırmasına görə, 2012-ci ildə Əfqanıstanda Talibanla döyüşərkən öldürülənlərdən daha çox britaniyalı əsgər intihar edib. “Panorama” televiziya proqramının məlumatına görə, həmin il fəal ordunun 21 əsgəri, üstəlik 29 veteran intihar edib. Əfqanıstanda eyni zaman kəsiyində döyüşdə həlak olan Britaniya əsgərlərinin sayı 44-ə bərabərdir. Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, hərbi qulluqçular arasında intihar, eləcə də posttravmatik stress pozğunluğu – TSSB mülki əhali ilə müqayisədə aşağıdır. Britaniya ordusunda intihar etmək qərarına gələn fəal ordunun əsgərlərindən biri də 2009-cu ilin yayında Əfqanıstanın Helmand əyalətində “Panteranın pəncəsi” əməliyyatında iştirak edən kiçik serjant Den Kollinzdir. Uels Qvardiyasında xidmət edən Kollinz piyada əleyhinə minanın partlaması nəticəsində iki dəfə yaralanıb və bir ayağını itirib. Orduda Collins-ə TSSB diaqnozu qoyulub. 10 aylıq fasilələrlə və yenidən başlayan müalicədən sonra həkimlər Kollinzə onun sağlam olduğunu və tezliklə vəzifəsinə qayıda biləcəyini bildiriblər. Sonrakı üç ay ərzində o, üç dəfə özünü öldürməyə cəhd edib. 2011-ci ilin son günündə serjant Kollinz evindən çıxdı, hərbi formasını geyindi və Qərbi Uelsin Pembrokeshire bölgəsindəki dağlara gedib. O, mobil telefonuna vida videosu çəkib, bundan sonra özünü asıb. Psixiatriya həkimi Claudia Herbert deyir ki, TSSB bədənin şiddətli şoklara təbii reaksiyasıdır. Xəstəliyin özünü büruzə verməsi illər çəkə bilər, lakin terapiya mümkün qədər erkən başlasa, müalicə edilə bilər. TSSB simptomlarına travmatik hadisələrin qeyri-iradi təkrarlanan xatirələri (flashbacks), yüksək səviyyədə narahatlıq və depressiya daxildir.
Digər bir fakt. Hazırda qızğın döyüşlərin getdiyi Ukrayna. Statistik məlumatlara görə, 2018-ci ilə qədər Donbassda Ukrayna ordusunun on minlərlə əsgəri döyüşüb. Hər kəs normal həyata qayıda bilməyib. Son dörd ildə ən azı min veteran intihar edib. Posttravmatik sindrom, və yaxınların dəstəyinin olmaması intiharların artmasına səbəb olub. Eyni zamanda, Ukrayna dövləti döyüşçülərin psixoloji reabilitasiyası kimi mühüm sosial işlərdən faktiki olaraq geri çəkilib.
Ümumiyyətlə, hərbçilər arasında intiharların çoxu müharibədə aldıqları psixoloji travma ilə bağlıdır. Bu, bir vaxtlar Qərbdə "Vyetnam", az sonra SSRİ-də "Əfqan sindromu" adını aldı. Şərqi Avropa Psixoanaliz İnstitutunun rektoru Mixail Reşetnikovun sözlərinə görə, post-travmatik sindrom müharibədən keçmiş hər kəsdə bu və ya digər dərəcədə özünü göstərir. Psixoloji reabilitasiya və yaxınlarının dəstəyi olmadan, alkoqolizm, boşanma və xüsusən də intihar riski daha yüksəkdir.
Göründüyü kimi, Azərbaycanda da müəyyən kateqoriyadan olan insanların intihar etməsinin səbəbi digər dövlətlərdə olduğu kimidir. Lakin Azərbaycan dövləti müharibədə psixoloji sarsıntıya məruz qalan hər bir veteranına psixoloji dəstəyin verilməsi üçün çoxsaylı proqramlar reallaşdırır. Məhz bunun nəticəsidir ki, müharibədən keçən dövrdə digər ölkələrdə hərbi əməliyyatlara qatılanların intihar statistikası ilə müqayisədə bu göstərici ölkəmizin üçün çox aşağıdır. Bu proses indi də davam etməkdədir.
Statistika
2020-ci ildə 45 979 amerikalı intihar edib. İntihar ABŞ-da ölüm hallarının 12-ci səbəbidir. Hər gün təxminən 125 amerikalı intihar edərək ölür. ABŞ-da hər 11,5 dəqiqədə bir intihar hadisəsi baş verir. İntihar, 15-24 yaşlı amerikalılar üçün 3-cü əsas ölüm səbəbidir.
Hər il dünyada 800.000-ə yaxın insan intihar edərək ölür ki, bu da təxminən hər 40 saniyədə bir ölüm deməkdir. İntihar 15-24 yaş arasında dünyada 2-ci ölüm səbəbidir.
Odlu silahla intiharlara kişilər və qadınlar arasında ən çox rast gəlinir. Zəhərlənmə qadınlarda ən çox görülən intihar üsuludur.