İrakli Kobaxidze: “Gürcüstan iqtisadi artımı ilə seçilir”

12:40 26.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Gürcüstan təkcə bölgədə deyil, həmçinin, bütövlükdə Avropa ölkələri arasında İqtisadi artım göstəricilərinə əsasən birinci yerdədir”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, bir neçə gün əvvəl Gürcüstanın Milli Statistika Xidməti işlə təmin edilənlər və müvafiq olaraq, işsizlik göstəricilərini dərc edib.

“Bildiyiniz kimi, ikinci rübün göstəricilərinə əsasən, ötən ilin eyni dövründəki 16,7 faizlə müqayisədə işsizlik 13,7 faiz olmaqla tarixi minimuma enib. Bu da işsizlik səviyyəsinin 3 faiz azaldığını göstərir. Bu bizim üçün xüsusi prioritetdir. Muzdlu işə qəbul olunanların sayı 19,1 min nəfər, özünüməşğulluqla məşğul olanların sayı 41,3 min nəfər artıb. Bir il ərzində 60 min yeni iş yeri açılıb ki, bu da yüksək iqtisadi artımın nəticəsidir. Bildiyiniz kimi, Gürcüstan iqtisadi artımı ilə seçilir. Təkcə bölgədə deyil, bütövlükdə Avropa ölkələri arasında Gürcüstan iqtisadi artım göstəricilərinə görə birinci yerdədir. Əvvəlki üç ildə biz orta hesabla 9,7 faiz iqtisadi artım əldə etmişik, bu il də 9 faiz səviyyəsini qoruyub saxlayacağıq və hesab edirik ki, ilin sonunda iqtisadi artım baxımından çox yaxşı göstəriciyə malik olacağıq. İqtisadi artım əsas faktordur ki, işsizliyin azalmasına, məşğulluğun artmasına imkan verir. Hamınız bilirsiniz ki, daha çox işçi büdcəyə daha çox vergi daxil etmək deməkdir. Bu da hökumətə daha çox layihələr həyata keçirməyə, mövcud proqramları genişləndirməyə imkan verəcək və bu, gələcəkdə bizim əsas prioritetimiz olaraq qalacaq”, – deyə İrakli Kobaxidze bildirib.

Bu arada, Baş nazir bildirib ki, 1000-dən çox hərbi qulluqçuya yeni tikilən binalarda mənzillər veriləcək. Gələn ildən bunun üçün büdcədə müvafiq vəsait nəzərdə tutulacaq.

“Gürcü ordusuna qayğı Gürcüstan hökumətinin xüsusi prioritetidir və hərbi qulluqçularımıza xüsusi önəm verilir. Bu baxımdan çox mühüm proqram var: 1000-dən çox hərbi qulluqçuya yeni tikilən binalarda mənzillər veriləcək. Bu proqramı uğurla başa çatdırdığı üçün Müdafiə Nazirliyinə, şəxsən nazirə təşəkkürlər. Proqram davam etməlidir. Müdafiə nazirindən xahiş edirəm ki, növbəti mərhələ üçün plan hazırlasın. Həmin plan bizə yeni tikilən binalarda daha da çox hərbi qulluqçunu mənzillə təmin etməyə imkan verəcək”, – deyə İrakli Kobaxidze bildirib.