“Türkiyə-Azərbaycan-Pakistan birliyinə qarşı Rusiya-İran-Ermənistan birliyi yaranmalıdır” fikri sadəcə, belə düşünən ermənilərin arzusu ola bilər.
Bu fikirləri hafta.az-a AMİP lideri Etibar Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistanla Rusiya onsuz da müttəfiqdirlər. Rusiyanın öz maraqları var həmin ölkə ilə bağlı:
“Fəqət Moskva öz maraqlarını Tehranın maraqlarıyla eyniləşdirə bilməz. Bu maraqlar üst-üstə düşmür. İranın maraqları həm də Azərbaycanın hərbi cəhətdən qüdrətini artırması, son Qarabağ savaşındakı qələbəsi, Azərbaycanın dövlət kimi ayaqda durması və güclənməsi İran rejimini narahat edir. Oradakı azərbaycanlıların sanki bir dayaq istiqaməti meydana çıxır. Milli ideyanın, artıq vahid bir dövlət ətrafında formalaşması prosesi gedir. Rəsmi Tehran daha çox bundan narahatdır. Ona görə də Azərbaycanın zəifləməsində və problemlərinin artmasında çox maraqlıdır. İranın başındakılar onu da bilirlər ki, Zəngəzur dəhlizi açılandan sonra Azərbaycanın geosiyasi mövqeləri, eləcə də iqtisadiyyatı olduqca güclənəcək. Nəticədə Azərbaycanı ərazisindən keçən böyük bir Şərq-Qərb tranzit koridoru fəaliyyətə başlayacaq və İran regiondakı geosiyasi və geo-iqtisadi əhəmiyyətini xeyli itirəcək. İranın da Ermənistanın yeganə nəfəs yolu olması artıq aradan qalxacaq..."