Bazar ertəsi səhər İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları respublikanın təhlükəsizliyini təmin etmək və “terrorçu və separatçı qruplar”la mübarizə aparmaq üçün müxtəlif ssenarilər tətbiq etməklə genişmiqyaslı təlimlər keçirib. Bu barədə İranın Tasnim dövlət agentliyi məlumat yayıb.
“Sepahın quru qoşunlarının əsas təlimləri keçirilib, bu təlimlər zamanı İranın təhlükəsizliyini təmin etmək və daxili təhdidlərlə, yəni hökumət əleyhinə, terrorçu və separatçı qruplarla mübarizə aparmaq üçün iki birləşmiş və ixtisaslaşdırılmış yanaşma sınaqdan keçirilib”.
Təlimlər respublikanın qərbində, Qəsri Şirin kəndinin düşərgəsi yaxınlığındakı Nəcəf Əşrəf hərbi bazasında baş tutub. Təlimlərdə elektron döyüş üsulları sınaqdan keçirilib, radar sistemlərinin işi yoxlanılıb, nəzərdə tutulan düşmən hədəflərinin məhv edilməsi üçün kəşfiyyat əməliyyatları həyata keçirilib.
Tasnim-in məlumatına görə, təlimə aviasiya və PUA-lar, artilleriya və zirehli bölmələr, həmçinin yeni silah və texnikalar cəlb olunub.