İran səfirliyi Bakıda Müqəddəs Müdafiə Həftəsinin 41-ci ildönümünü qeyd edib

19:15 24.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün İranın Azərbaycandakı səfirliyi Bakıda Müqəddəs Müdafiə Həftəsinin 41-ci ildönümü ilə bağlı mərasim keçirib.

Hafta.az-ın yazdığına görə, tədbirdə Azərbaycan Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin yüksək vəzifəli rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qurani Kərimdən ayələrin oxunması ilə başlayan tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Daha sonra İran səfirliyinin hərbi attaşesi Cavad Furutəni çıxış edərək Səddam Hüseyn rejiminin 41 il öncə ölkəsinə qarşı törətdiyi hərbi təcavüzdən söz açıb.

Cənab Furutəni deyib ki, İran Silahlı Qüvvələrinin arxasında hər zaman İran xalqı kimi böyük bir qüvvə dayanıb. O, İranın region ölkələri ilə əməkdaşlıq çərçivəsində İraq və Suriya kimi ölkələrdə beynəlxalq terrorizmə qarşı mübarizə apardığını, bu yolda böyük qurbanlar verdiyini deyib.

Attaşe deyib ki, İranın Azərbaycanla yaxşı münasibətləri var və bu əməkdaşlıq getdikcə daha da genişlənir. O, İranın Azərbaycanın öz torpaqlarına olan suveren hüquqlarını hər zaman müdafiə etdiyini söyləyib.

Daha sonra çıxış edən İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi bildirib ki, ölkəsini parçalamaq istəsələr də, nəcib və dəyanətli iranlılar üzləşdikləri bütün bu imtahanların öhdəsindən səbirlə gəlib. “Xalqımızın üzləşdiyi böyük imtahanlardan biri 41 il öncə bu günlərdə başlayaraq 8 il davam etdi. 8 illik müharibə zamanı heç bir ölkə bizə adi yüngül silahları belə satmadı, nəticədə İranda hərbi sənaye özünü təminat istiqamətində inkişaf edərək uğur qazandı. Bu gün İran dünyanın ən böyük hərbi güclərindən biridir. İran hərbi baxımdan quru, hava, dəniz və kiber sahələrdə uğurlar qazanıb. Həmçinin raket sistemləri istiqamətində əhəmiyyətli inkişafa nail olunub. İranın həqiqi gücü onun xalqının özünüqurban və həmrəylik ruhundan qaynaqlanır” deyən diplomat əlavə edib ki, İranın hərbi gücü hər zaman regionun təhlükəsizliyinə, sabitliyinə və dostlarına xidmət edib və edəcək: “Qonşuluq siyasətini, qonşuların öncəliyini dəstəkləyən İran bölgədəki bütün ölkələr, xüsusilə də qonşuları üçün sülh və təhlükəsizlik arzulayır. Biz dost və qardaş ölkə Azərbaycan üçün də sülh, sabitlik, təhlükəsizlik istəyirik. Ortaq dinə, mədəniyyətə, tarixi əlaqələrə əsaslanan qardaşlıq və dostluq münasibətlərimiz əbədidir”.

Çıxışdan sonra jurnalistlərin suallarını cavablandıran səfir bildirib ki, Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri mövuddur. Amma üçüncü tərəflər var ki, münasibətlərin yaxşı olmasını istəmirlər. “Son günlər Hikmət Hacıyevlə ard-arda iki görüş keçirərək, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm” deyən səfirin sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb: “Bunlar dostyana, qardaşyana ismarıclr idi. Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yuk maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider eyni zamanda Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək”, - səfir Seyid Abbas Musəvi deyib.

Diplomat ölkəsinin Arazboyu bölgədə keçirdiyi hərbi təlimlərə də toxunub. Qeyd edib ki, həmin təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox. Səfir deyib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə çatdırıb: “Davamlı keçirilən təlimlər daha əvvəl Qərbi Azərbaycanda baş tutub. Hərbi gücümüz dostlarınızın xidmətindədir, onlara qarşı təhdid sayıla bilməz”.

Oxunma sayı 564
Siyasət rubrikasından digər xəbərlər