İranda müəyyən edilmiş limitdən 22 dəfə çox uran var

10:00 17.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) sızdırılmış hesabatında bildirilirdi ki, İranın zənginləşdirilmiş uran ehtiyatları 2015-ci ildə razılaşma ilə müəyyən edilmiş hədddən 22 dəfə artıqdır.

Hafta.az-ın AFP-ya istinadən yazdığına görə, bu barədə BMT daxilində fəaliyyət göstərən qurumun üzv ölkələrə göndərdiyi məxfi hesabatda deyilir. Məlumatlara görə, İranın ümumi zənginləşdirilmiş uran ehtiyatının 28 oktyabr tarixinə 4486 kiloqram olduğu bildirilib.

2015-ci ildə İranla BMT TŞ-nın daimi üzvləri olan ABŞ, Rusiya, Çin və Böyük Britaniya arasında imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində müəyyən edilən limit 202,8 kiloqram olub.

Almaniya və Fransanın imzaladığı JCPOA nəticəsində Tehrana uranı 3,67 faiz zənginləşdirməyə icazə verilib. Lakin ABŞ-ın keçmiş prezidenti Donald Trampın qərarı ilə 2018-ci ildə Vaşinqton birtərəfli qaydada sazişdən çıxıb və Tehran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini açıqlayıb. Bundan əlavə, 2020-ci ilin noyabrında iranlı alim Möhsün Fəxrizadənin öldürülməsi Tehranın nüvə proqramı ilə bağlı daha radikal qərarlar qəbul etməsinə yol açıb. Elə həmin il qüvvəyə minən qanunla ilk dəfə 20 faiz saflıqda zənginləşdirilmiş uran istehsal olunub. Qısa müddətdən sonra bu nisbət 60 faizə qaldırılıb.

MAQATE-nin hesabatında İranın ehtiyatlarından 128,3 kiloqram zənginləşdirilmiş uranın 60 faizədək təmizləndiyi bildirilib. Atom bombası hazırlamaq üçün 90 faiz saflığa malik parçalana bilən uran lazımdır.

İran sentyabrda MAQATE-nin 8 müşahidəçisinin icazəsini ləğv edib və BMT də bu qərara reaksiya verib. MAQATE-nin hesabatında İranın bu addımı “həddindən artıq və ədalətsiz təcrübə” kimi qiymətləndirilib.

Həmçinin bildirilib ki, İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslam dünən MAQATE-yə məktub göndərib və Tehran administrasiyasının icazələri ləğv etmək hüququna malik olduğunu bildirib. Digər tərəfdən, İslamın vəziyyətin həlli üçün səy göstərildiyini dediyi bildirilib.