İran Quru Qoşunlarının komandanı, ordu generalı Kiyomers Heydəri Azərbaycan və Ermənistan sərhədində başlatdığı "Heybər fatehləri" hərbi təlimi haqda açıqlama verib.
Hafta.az-ın yazdığına görə, ötən ay sərhədlərində 4-5 təlim keçirildiyini, hazırda da Türkiyənin sərhədyanı bölgədə təlim keçirdiyini deyən general, cavab olaraq İranın Azərbaycan və Ermənistan sərhədində eyni addımı atdığını bildirib.
İranın dövlət mediasına açıqlamasında Kiyomers Heydəri deyib ki, təlimlərdə zirehli və topçu birlikləri, İHA-lar, elektron döyüç bilikləri, helikopterlər və sair iştirak edir. General təlimdə İran istehsalı olan iki anti-tank və digər silahların da sınaqdan çıxarıldığını qeyd edib. "Bu təlimlər döyüş hazırlığını yüksəltmək üçün keçirilir. Əslində eyni cür təlimlər qonşu ölkələrdə də keçirilməkdədir. Keçən ay sərhədimizdə 4-5 təlim qeydə alınıb. Elə indinin özündə də İranla həmsərhəd bölgəmizdə Türkiyə təlim keçirməkdədir", - Heydəri deyib.

İranlı general açıqlamasında Azərbaycan və Türkiyəyə işarə edərək təxribat və böhtana da yer verib. Deyib ki, sitat: Azərbaycan-Ermənistan müharibəsi zamanı bir bölgə dövləti İŞİD terrorçularını bölgəyə gətirib.
"İran bu bölgədə ölkələrin rəsmi sərhədlərinin dəyişməsi məsələsində həssasdır və bunu qəbul etməyəcək. Qanuni sərhədlər qorunmalıdır. Bir ölkənin sərhədlərini qorumaqda göstərdiyi zəiflik, başqa bir ölkənin xaricdən dəstək alaraq sərhədlərini dəyişməsinə zərurət yaratmır (Azərbaycanın Türkiyə və Rusiyanın köməkliyi ilə öz tarixi sərhədlərini bərpa etməsinə qarşı fikirlərdir - V.T.)", - deyib iranlı general.