İraqlı siyasətçidən etiraf: SƏDDAM HÜSEYN HİND ƏSİLLİ OLUB

12:45 23.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əsaibi Əhli Haqq Hərəkatının baş katibi Qeys əl-Həzali İraqın siyasi səhnəsində danışılmayan yeni bir məsələni gündəmə gətirib. O, keçmiş prezident Səddam Hüseynin DNT testinin onun hind əsilli olduğunu sübut etdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Həzali Bağdadda Fitr bayramı münasibətilə verdiyi xütbədə "sabitliyi pozmaq üçün sui-qəsdlər və layihələr" həyata keçirən "yarıziyalılar" kimi təsvir etdiyi şəxsləri kəskin tənqid edib. 

Həzali çıxışında deyib: “Səddam Hüseyn deyirdi ki, İraq xalqı hind əsillidir. DNT testindən sonra onun hind əsilli olduğu məlum olub”.

İraqda heç bir partiya lideri əvvəllər Səddam Hüseynin və ya onun qəbiləsinin mənşəyi haqqında bu qədər qəti danışmamışdı. Lakin 2003-cü ilin sonunda Səddam Hüseyn tutulduqdan sonra onun üzərində aparılan DNT testləri onun iki oğlu Uday və Qusayın cəsədlərinin müəyyən edilməsi ilə bağlı olub.

Həzali keçmiş prezidentin öz etnik mənşəyini necə anladığını və əcdadını adətən özəl laboratoriyalarda edilən genetik testlər vasitəsilə öyrəndiyini qeyd etməsə də, yaxın bir mənbə, onun sözlərini ötən əsrdə İraqda yaşayan xalqların əcdadları ilə maraqlanan araşdırmaçılar tərəfindən hazırlanan araşdırmalara əsaslandığını ifadə edib. Mənbə bildirib ki, tədqiqatçılar Ən-Nada qəbiləsinin “hind-ari” mənşəli olduğu qənaətinə gəliblər, lakin bu araşdırmaların etibarlılığını təsdiqləmək çətindir.

İraqın rəsmi mediasına bağlı olan "Əş-Şabax" jurnalı 2017-ci ildə “Səddam Hüseynin mənşəyi” ilə bağlı araşdırma dərc edib. Araşdırma, Səddam Hüseynin DNT testinin onun Cənubi Asiya və bir az da Yaxın Şərqdə, xüsusilə Pakistan, Hindistan, Tacikistan, Bəlucistan, İran və Əfqanıstanda yayılmış “L” nəslindən olduğunu sübut etdiyini bildirib.

Araşdırmada bu nəticəyə necə gəlindiyinə dair heç bir açıqlama verilməmiş və bu iddiaları təsdiqləyən elmi mənbəyə istinad edilməyib.

Həzalının açıqlamaları sosial mediada müzakirələrə səbəb olsa da, bir çox sosial şəbəkə istifadəçiləri bunu “ictimaiyyəti mühüm hadisələrdən yayındırmaq cəhdi” kimi tənqid ediblər. Digərləri İraq qəbilələrinin bəzilərinin ərəb olmadığına dair elmi izahlara istinad etdilər.

Bu cür bəyanatlar iraqlıları bir əsrdən artıq davam edən köçlər, müharibələr və işğallar nəticəsində ölkədəki etnik müxtəliflik haqqında mübahisəyə sürükləsə də, əslində bu müzakirələr çox vaxt siyasi və məzhəb məqsədləri üçün istifadə olunur.

Digər tərəfdən, Həzali "Səddamın genləri və mənşəyi" mövzusunda verdiyi bayram xütbəsinin böyük bir hissəsini "xalqın inanclarını, adət və ənənələrini hədəf alan və iraqlıların mədəni kimliyinə zərbə vuran sui-qəsdlərə" həsr edib.

Həzali deyib: "Liberalizmdən və sivilizasiyadan yapışan yarı ziyalıların istifadə etdikləri media vasitəsilə digərini aradan qaldırmaqda daha sərt olduğunu, İslam dinini və müsəlmanları sərt olmaqda ittiham etdiyini görürük".

Əsaibi Əhli-Haqq Hərəkatı 2018-ci ildə İraq parlamentinə daxil olandan bəri ona liderlik edən Həzali silahlı qruplaşmanın başçısı kimi stereotip imicindən qurtulmağa və fərqli ictimai-siyasi rol oynamağa çalışır. İş o yerə çatıb ki, o, əvvəlki iki hökumətdə ona mədəniyyət naziri postunun verilməsini tələb edib.

Siyasət rubrikasından digər xəbərlər