Qərbi Azərbaycandan olan bir qrup Azərbaycan ziyalısı “İrəvana Qayıdış İttifaqı” adlı qurum yaratmağı qərara alıb.
Bu haqda hafta.az-a açıqlamasında tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayev məlumat verib.
Keçmiş parlament üzvü bildirib ki, İrəvana Qayıdış İttifaqının yaradılması barədəki təşəbbüs Prezident İlham Əliyevin soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarına qayıdışı haqdakı mütəmadi çıxışlarından sonra qaldırılıb.
“İttifaqın məqsədi 44 günlük savaşdakı qələbəmiz nəticəsində yaranmış əlverişli geo-siyasi durumda XX əsrin əvvəllərindən 1988-1989-cu illərədək baş vermiş soyqırımlar, deportasiyalar nəticəsində tədricən itirilmiş yurdlarımıza qayıdış prosesinin başlanmasını müxtəlif ictimai vasitələrlə sürətləndirməkdən ibarətdir”- həmsöhbətimiz belə deyib.
“Təşkilat şərti olaraq İrəvana Qayıdış İttifaqı adlanır. Burada söhbət yalnız İrəvana deyil, bütün Qərbi Azərbaycan torpaqlarına, yəni Göyçəyə, Zəngəzura, Basarkeçərə, Dərələyizə və s. qayıdışdan gedir. Sadəcə, “İrəvan” adını daha diləyatımlı və yaddaqalanlığı, eyni zamanda İrəvan şəhərinin tarixən o ərazidəki Azərbaycan torpaqlarının bir növ mərkəzi olması baxımından məqsədəuyğun sandıq. Yaxın günlərdə İttifaqın yaranması və məqsədləri haqda daha geniş məlumat veriləcək”- deyə Maksim Musayev bildirib.